Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq ArabAZ üçün.
2026-cı ilin iyul ayına qədər İsrail Suriyanın cənubunda hərbi mövcudluğunu tədricən genişləndirərək yeni faktiki vəziyyət formalaşdırıb. Əgər əvvəllər İsrailin Suriyadakı nəzarəti əsasən 1967-ci ildən işğal altında saxladığı Colan təpələri ilə məhdudlaşırdısa, 2024-cü ilin dekabrından sonra vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi.
Bəşər Əsəd hakimiyyətinin süqutundan sonra İsrail ordusu 1974-cü il atəşkəs razılaşmasına əsasən BMT-nin nəzarətində olan ayırma zonasına daxil oldu. Təl-Əviv bunu sərhəd təhlükəsizliyi ilə əsaslandırsa da, sonrakı hadisələr göstərdi ki, söhbət yalnız qısamüddətli təhlükəsizlik tədbirlərindən getmir.
2025 və 2026-cı illər ərzində İsrail Quneytra və Dəraa vilayətlərində hərbi mövqelərini daha da genişləndirdi. Hermon dağının Suriya hissəsində, Hədər, Cubata əl-Xaşab, Əl-Qahtaniyyə, Kudna, Tulul əl-Humr, Maariya və digər strateji məntəqələrdə daimi hərbi bazalar, müşahidə məntəqələri və istehkamlar yaradıldı. Bu bazalar yeni hərbi yollar, səngərlər, müşahidə qüllələri və müdafiə xətləri ilə bir-birinə birləşdirildi.
Müstəqil monitorinq təşkilatlarının hesabatlarına görə, hazırda İsrail Suriyanın cənubunda təxminən 665 kvadratkilometr əlavə əraziyə faktiki nəzarət edir. Bu, 1967-ci ildən işğal altında saxlanılan təxminən 1200 kvadratkilometrlik Colan təpələri ilə birlikdə İsrailin Suriyada nəzarət etdiyi ümumi ərazinin xeyli artdığını göstərir.
2026-cı ilin iyul ayına gəldikdə isə İsrail ordusunun Quneytra və Dəraa kəndlərinə müntəzəm daxil olması, yeni hərbi mövqelər qurması və təhlükəsizlik zonasını genişləndirməsi davam edir. Yerli əhali ilə qarşıdurmalar, kəndlərdə aparılan əməliyyatlar və yeni hərbi infrastrukturun tikintisi bu prosesin hələ də davam etdiyini göstərir.
İsrail bütün bu addımları sərhəd təhlükəsizliyi və İranın dəstəklədiyi silahlı qrupların bölgədə möhkəmlənməsinin qarşısını almaq məqsədi ilə izah edir. Suriya hökuməti, BMT və beynəlxalq hüquq baxımından isə bu ərazilər hələ də Suriyanın ayrılmaz hissəsi hesab olunur və İsrailin burada yaratdığı yeni hərbi mövcudluq işğalın genişləndirilməsi kimi qiymətləndirilir.
2026-cı ilin iyul ayına olan mənzərədə, İsrailin nəzarət etdiyi əraziləri kənara qoysaq, Suriyada mərkəzi hakimiyyətin tam nəzarət etmədiyi əsas bölgələr bunlardır:
Şimal-şərqdə kürd qüvvələrinin nəzarətində olan ərazilər. Bu bölgələrdə əsas hərbi güc Suriya Demokratik Qüvvələri olaraq qalır. 2025–2026-cı illərdə Dəməşqlə əldə olunan razılaşmalardan sonra SDF bəzi əraziləri və obyektləri mərkəzi hökumətə təhvil versə də, Həsəkə vilayətinin bir hissəsində, Qamışlı ətrafında və Kobani istiqamətində öz təhlükəsizlik və inzibati strukturlarını qoruyur. Bu ərazilərdə Dəməşqin müəyyən dövlət qurumları fəaliyyət göstərsə də, tam təhlükəsizlik nəzarəti hökumətin əlində deyil.
İdlib vilayətinin bir hissəsi. Bu bölgə hələ də tam şəkildə Dəməşqin nəzarətinə keçməyib. Burada əsas təsirə malik qüvvə bir zaman Heyət Təhrir əş-Şam olan və onun yaratdığı yerli idarəetmə strukturlarıdır. Mərkəzi hökumət bu ərazidə faktiki hakimiyyət həyata keçirmir.
Şimal sərhədi boyunca bəzi bölgələr. 2026-cı ildə Suriyanın yeni hakimiyyəti ilə Türkiyə arasında əməkdaşlıq artsa da, sərhəd boyunca bəzi məntəqələrdə Türkiyə Silahlı Qüvvələrinin hərbi mövcudluğu və müşahidə məntəqələri qalır. Bununla belə, əvvəlki illərlə müqayisədə bu ərazilərdə mülki idarəetmənin böyük hissəsi mərhələli şəkildə Dəməşqə qaytarılıb.
Lakin Suriyada yeni hakimiyyətin qarşısında başqa bir təhlükə də formalaşmaqdadır. Bu təhlükə əvvəlki hakimiyyətin tərəfdarlarından deyil, bir vaxtlar Əhməd əş-Şəranı (Əbu Məhəmməd əl-Colani) dəstəkləmiş, lakin hazırda onun siyasətini “cihad xəttindən uzaqlaşmaq” kimi qiymətləndirən “radikal cihadçı” çevrələrdən qaynaqlanır (EUAA, Syria: Security Situation, iyul 2026; Jamestown Foundation, Saraya Ansar al-Sunnah’s Micro-insurgency in Syria, 15 yanvar 2026).
Əş-Şəranın hakimiyyətə gəldikdən sonra dövlət quruculuğuna üstünlük verməsi, beynəlxalq legitimlik əldə etməyə çalışması, Qərb və ərəb ölkələri ilə diplomatik münasibətləri inkişaf etdirməsi, silahlı qrupları vahid dövlət ordusuna inteqrasiya etmək siyasəti “radikal cihadçı” ideoloqlar tərəfindən ciddi tənqid olunur. Onlar hesab edirlər ki, keçmiş HTŞ lideri “inqilabçı” kimliyini tərk edərək praqmatik qeyri islami dövlət rəhbərinə çevrilib.
Ən sərt tənqidlər Əl-Qaidəyə bağlı çevrələrdən gəlir. Əş-Şəranın hələ 2016–2017-ci illərdə Əl-Qaidədən uzaqlaşması və HTŞ-ni daha milli-suriya yönümlü təşkilata çevirməsi nəticəsində yaranan parçalanma sonradan Hurras əl-Din təşkilatının meydana çıxmasına səbəb olmuşdu. Həmin ideoloji xətt bu gün də Əş-Şəranı “cihad prinsiplərindən uzaqlaşmaqda” ittiham edir (EUAA, 2026; Hurras al-Din dosyesi).
2025-ci ildə yaranmış Saraya Ənsar əs-Sünnə isə bu narazılığın ən radikal nümunələrindən biridir. Qrupun rəhbərliyi açıq şəkildə bəyan edib ki, onun sıralarında HTŞ-dən ayrılmış döyüşçülər də var. Təşkilat Əhməd əş-Şəranı keçmiş BƏƏS məmurlarına amnistiya verməkdə, dini azlıqlara qarşı sərt siyasət yürütməməkdə və “İslam hakimiyyəti” ideyasından uzaqlaşmaqda ittiham edir (Jamestown Foundation, 15 yanvar 2026; Saraya Ansar al-Sunnah profili).
İŞİD də yeni hakimiyyəti əsas hədəflərindən biri elan edib. BMT-nin 2026-cı il hesabatına görə, Əhməd əş-Şəraya və hökumətin aparıcı üzvlərinə qarşı beş sui-qəsd cəhdinin qarşısı alınıb. BMT bu fəaliyyətlərin İŞİD və onunla əlaqələndirilən “Saraya Ənsar əs-Sünnə” strukturu tərəfindən həyata keçirildiyini bildirir (BMT hesabatı; Al Jazeera, 12 fevral 2026).
Beləliklə, ortada qəribə bir mənzərə vardır. Faktiki olaraq ölkədə hər yerə nəzarət edən mərkəzi hakimiyyət yoxdur. Bu anlaşılan məsələdir. Ancaq məsələ buradadır ki, belə bir durumda mərkəzi hakimiyyət Qərbin təzyiqinə gedib İrana qarşı və ya Hizbullaha qarşı hansı isə bir əməliyyat içərisinə girsə Suriyada yeni bir vətəndaş müharibəsi başlaya bilər. Hər bir halda bunda kim maraqlıdır? Bu sualın cavabını hamı bilir.

