Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani bildirib ki, qanundan kənar qrupların Hörmüz boğazının yenidən açılmasına mane olmasının qarşısını almaq üçün ABŞ ilə İran arasında “isti xətt”in (birbaşa əlaqə xətti) yaradılması vacibdir. Baş nazir, həmçinin Dohanın bir neçə həftə ərzində mayeləşdirilmiş təbii qaz (LNG) istehsalını normal tempdə bərpa edəcəyini gözlədiyini vurğulayıb.
ArabAZ xəbər verir ki, Şeyx Məhəmməd bin Əbdürrəhman “Financial Times” qəzetinə verdiyi və çərşənbə günü dərc olunan müsahibəsində qeyd edib ki, İsveçrə danışıqlarında tərəflərin razılaşdırdığı bu birbaşa xətt “dezinformasiyaya qarşı mübarizə aparmaq və həyati əhəmiyyətli su yolunun minalardan təmizlənməsi zamanı koordinasiyanı təmin etmək üçün zəruridir”.
O əlavə edib ki, hazırda əsas çətinliklərdən biri budur ki, “problem yaratmaq istəyən hər hansı bir şəxs dəniz naviqasiya rabitəsindən istifadə edərək gəmilərə ‘Geri dönün, yoxsa atəş açacağıq, biz İran İslam İnqilabı Keşikçiləri Korpusuyuq (SEPAH)’ deyə xəbərdarlıq edə bilər”.
Qətərin Baş naziri deyib: “Bu, bəzən bizim başımıza gəlir. Ona görə də ‘isti xətt’in məqsədi İran tərəfindən hər hansı təhdidlə üzləşən gəmilərin statusunu yoxlamaq və onların təhlükəsiz keçidini təmin etməkdir”.
İranda daxili fikir ayrılıqlarının olması ehtimalı barədə suala cavab verən Baş nazir bildirib: “Həmişə razılaşmanı bəyənməyənlər tapılacaq və bəziləri bunu pozmağa çalışacaq. Bu, hər hansı bir tərəflə yaşanan istənilən münaqişədə tamamilə mümkündür”.
Qeyd edək ki, İranın Hörmüz boğazını bağlaması bu marşrut vasitəsilə neft və qaz tankerlərinin hərəkətinə mane olub. Lakin buna baxmayaraq, Qətər ötən dövr ərzində İslamabad və Tehran arasında qurulan koordinasiya sayəsində Pakistana bir neçə LNG yükü çatdıra bilib.
Etimadın bərpası vaxt aparacaq
Məlumata görə, İran ötən həftə ABŞ ilə anlaşma memorandumu imzaladıqdan dərhal sonra gəmilərdən heç bir rüsum tələb etmədən boğazı mərhələli şəkildə yenidən açmalı idi. Minalardan təmizlənmə prosesi isə atəşkəsin uzadılmasının ilk 30 günü ərzində başa çatmalı idi. Lakin SEPAH şənbə günü verdiyi bəyanatda, İsrailin Livandakı “Hizbullah” qruplaşmasını hədəf alan zərbələrinə cavab olaraq boğazı yenidən bağladığını elan edib.
Qətərin Baş naziri bu elandan sonra da “boğazın açıq qaldığını” bildirərək əlavə edib: “Vasitəçilər İran rəsmilərindən məsələni soruşduqda, onlara boğazın bağlanması barədə heç bir əmrin verilmədiyi bildirilib. Naviqasiya hərəkətinin memorandumun 30-cu günündə müharibədən əvvəlki səviyyəyə qayıtması gözlənilirdi”.
Buna baxmayaraq, Şeyx Məhəmməd bin Əbdürrəhman etimadın bərpasının “vaxt aparacağını” vurğulayıb: “Hər şeyin bir gündə normallaşması qeyri-mümkündür, bu, böyük səy tələb edəcək”. O, həmçinin qeyd edib ki, əgər Tehran rüsum tələb etmək niyyətində israr edərsə, Qətər gəmilərə rüsum tətbiq edilməsi ilə bağlı hər hansı İran planını rədd edəcək: “Bu, beynəlxalq protokola ziddir. Qətər kimi bir ölkə üçün bu su yolu bizim dünyaya açılan yeganə qapımızdır. Əgər iranlıların təklif etdiyi bir model varsa, arqumentlərini təqdim etməlidirlər və biz bunu nəzərdən keçirməliyik. Dünyaya açılan qapımızın bu şəkildə nəzarət altına alınması şəraitini qəbul edə bilmərik”.
Atəşkəsin 60 gün müddətinə uzadılmasının ABŞ və İran üçün kifayət olub-olmaması barədə suala cavab verən Baş nazir, əsas məqsədin “ən azı ümumi bir razılaşmaya nail olmaq” olduğunu bildirib: “Daha çox vaxt apara biləcək bir çox texniki detallar var. Bu detallı razılaşmalar növbəti mərhələdə əldə oluna bilər və bu, nüvə sazişi ilə bağlıdır. Regional təhlükəsizliyə gəldikdə isə, əgər siyasi iradə olarsa və səylərimizi gücləndirəriksə, buna daha tez nail ola bilərik”.
O, İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının daimi nizamlanma üzrə danışıqlar üçün “bünövrə” qoyduğunu və “əsl işin indi başladığını” diqqətə çatdırıb. Tərəflər ABŞ-İran danışıqlarına mane olmaqla təhdid edən İsrailin Livana qarşı müharibəsini dayandırmaq üçün “hərbi qarşıdurmanın qarşısını alma” (deconfliction) mexanizmi üzərində razılığa gəliblər. Baş nazir izah edib ki, bu mexanizmin əsas elementlərindən biri atəşkəs pozuntularının yoxlanılmasıdır və bu proses Livan hökuməti, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM), İran və vasitəçilər arasında koordinasiya formasında həyata keçiriləcək.
O, İsrail və “Hizbullah”ın toqquşmalara görə bir-birini ittiham etdiyini, lakin İsrailin cavabının “qeyri-mütənasib” olduğunu bildirib: “İsrail hökuməti gərginliyi azaltmaq və konstruktiv, məsuliyyətli şəkildə prosesə qoşulmaq əvəzinə, münaqişələri daha da alovlandırır”.
Mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı
Təbii qaz istehsalının bərpası ilə bağlı danışan Qətərin Baş naziri bildirib ki, dünyanın ikinci ən böyük LNG ixracatçısı olan və müharibənin ilk həftələrində obyektləri İranın hücumlarına məruz qalan Qətər, ötən həftə anlaşma memorandumu imzalandıqdan sonra artıq öz tankerlərini hazırlamağa başlayıb.
“Bir neçə həftə ərzində, zərər görmüş obyekt istisna olmaqla, istehsal normal səviyyəsinə qayıdacaq. Komandalarımız artıq bir neçə həftədir səfərbər olunub. ‘QatarEnergy’ boğazda vəziyyət sabitləşən kimi əməliyyatların tam bərpasına hazırlaşır”.
Bazar günü İsveçrədə ABŞ və İran arasında keçirilən yüksək səviyyəli danışıqlarda Pakistanla yanaşı vasitəçilik edən Qətər, sazişin ilk həftələrində boğazda naviqasiyanın normallaşmağa başlayacağını gözləyir. Lakin Baş nazir xəbərdarlıq edib ki, dövlətə məxsus “QatarEnergy” şirkəti “bütün problemlərin həll olunduğuna və fəaliyyətin tam təhlükəsizliyinə əmin olmayana qədər fors-major (fövqəladə hal) rejimini ləğv etməyəcək”.
“QatarEnergy” fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından dörd gün sonra istehsalı dayandırmışdı. Buna səbəb nəhəng “Ras Laffan” LNG terminalına pilotsuz uçuş aparatı (PUA) ilə edilən hücum olmuşdu. Bundan sonra şirkət “fors-major” elan etmiş və nəhəng “Şimal sahəsi”ndə (North Field) qaz istehsalı gücünün 2027-ci ilə qədər illik 77 milyon tondan 126 million tona çatdırılması planlarının da gecikəcəyini bəyan etmişdi.
Ötən mart ayında İranın “Ras Laffan” kompleksinə etdiyi digər raket hücumu isə “QatarEnergy”nin ümumi LNG istehsalının təxminən 17 faizini təmin edən obyektlərinə ciddi ziyan vurub. Şirkət bərpa və təmir işlərinin 5 ilə qədər çəkə biləcəyini açıqlayıb.
Qətərin Baş naziri xəbərdarlıq edib ki, müharibənin qlobal iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması, boğaz tamamilə açıq olsa belə, vaxt aparacaq. O, gübrə, sidik cövhəri (urea), neft-kimya məhsulları və helium kimi əsas xammalların qıtlığının növbəti aylarda daha qabarıq hiss olunacağını qeyd edib: “Biz ziyanın daha da böyüməsinin qarşısını aldıq, lakin bunun fəsadlarının tam üzə çıxması zaman alacaq. Təsirləri rəsmən sentyabr və oktyabr aylarında görəcəyik”.
Xatırladaq ki, Qətər maqnit-rezonans tomoqrafiyası (MRT) cihazları üçün həyati əhəmiyyət daşıyan heliumun dünyada ən böyük ixracatçısı, gübrə sənayesinin əsas xammalı olan sidik cövhərinin (urea) isə ikinci ən böyük tədarükçüsüdür.

