BAKI, Arab.AZ
İsrailin müdafiə naziri Yisrael Kats bu gün verdiyi açıqlamada, Qəzza zolağında davam edən müharibənin sona yaxınlaşdığını bəyan edib.
Arab.AZ xəbər verir ki, onun bu açıqlaması, Qəzzada bir gün ərzində ən azı 100 insanın həyatını itirdiyi bir vaxtda edilib.
“Biz artıq Qəzzadakı əməliyyatın sonuna yaxınlaşırıq”- deyə Kats bəyanatında bildirib.
Nazir həmçinin İsrailin bu müharibədəki əsas məqsədlərini yenidən xatırladıb: bütün girovların azad edilməsi və HƏMAS hərəkatının tam şəkildə məğlub edilməsi.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp açıqlamasında, yaxın zamanda Qəzzada atəşkəs əldə olunacağına ümid etdiyini bildirmişdi. Lakin Trampın bu nikbinliyinin hansı əsaslara söykəndiyi açıqlanmayıb.
Xatırladaq ki, İsrail ordusu 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağında genişmiqyaslı hərbi hücuma başlayıb. Bu hücum nəticəsində indiyə qədər 56 min 531 fələstinli, əsasən qadınlar və uşaqlar olmaqla şəhid olub. Yaralananların sayı isə 133 min 642 nəfərə çatıb. Rəqəmlər hələlik yekun deyil, çünki dağıntılar altında qalan və küçələrdəki cəsədlərə təcili yardım və xilasedici qruplar hələ də çata bilmir.