İran müharibəsinin başlanğıcından bəri Səudiyyə Ərəbistanı Krallığının Tehranın Körfəz ölkələrinə qarşı təcavüzlərinə qarşı mübarizədə oynadığı fərqli rol özünü büruzə verdi. Bu, Səudiyyə rəhbərliyinin İranın hücumlarından zərər çəkmiş Körfəz dövlətlərinin tələblərinə sürətli reaksiyasında – hava limanlarının və limanların açılması, qida və istehlak malları üçün tədarük zəncirlərinin təmin edilməsi, habelə dünyanın neft tələbatına çevik cavab verilməsində özünü göstərdi. Xüsusilə, “Şərq-Qərb” boru kəmərinin işə salınması və Yənbu limanından gündəlik 7 milyon barel neftin ixrac edilməsi bu fəaliyyətin mərkəzində dayandı.
Bu nailiyyətlər hazırkı həssas mərhələdə Səudiyyə Ərəbistanı və onun rəhbərliyinin aktivinə yazılır, çünki ölkə bu ağır yükləri daşıya biləcək institusional və infrastruktur bazasını təmin edib. Səudiyyə Ərəbistanının həyati əhəmiyyətli obyektləri, BƏƏ, Qətər, Küveyt, Bəhreyn və müəyyən dərəcədə Oman sultanlığında olduğu kimi, İran tərəfindən pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücumlara məruz qalıb. Səudiyyənin hava hücumundan müdafiə sistemləri mülki və neft obyektlərini, habelə hərbi düşərgələri qorumağı bacarıb. Bundan əlavə, Səudiyyə Ərəbistanı Körfəz ölkələri arasında koordinasiyanı təmin etmək üçün diplomatik kampaniyaya rəhbərlik edib və bir çox dövləti regionu özləri seçmədiyi bir müharibəyə sürükləyən İran təcavüzlərinə qarşı çıxmağa sövq edib.
Fars körfəzində naviqasiyanın pozulması qida məhsulları, gübrələr və digər həyati vacib materialların tədarükünün dayanmasına, habelə Körfəz limanlarından neft ixracının kəsilməsinə səbəb oldu. Krallıq Qırmızı dəniz limanlarında konteynerləri qəbul etmək və onları quru yolu ilə regionun müxtəlif ölkələrinə daşımaq üçün əlavə əməliyyat dəhlizləri təmin edən Logistik marşrutlar proqramını başlatdı. Ekspertlər müharibə başlayandan bəri Ciddə limanına daxil olan yüklərin həcmində 40 faiz artım olduğunu qeyd edirlər. Quru keçid məntəqələrinin səmərəliliyi artırılıb və minlərlə yük maşınının əsas mallarla region bazarlarına daxil olması təmin edilib. Bu çərçivədə konteynerlərin Ciddə kimi qərb sahil limanlarından şərq keçidlərinə və Körfəz ölkələrinin məntəqələrinə daşınması üçün quru körpüsü və dəmir yolu inkişaf etdirilib. Böhran göstərdi ki, Səudiyyə Ərəbistanı əvvəllər Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) tərəfindən imzalanmış bir çox saziş və protokolları aktivləşdirib və bu dövlətlər arasında iqtisadi inteqrasiyanın vacibliyini nümayiş etdirib.
Bu protokollardan bəlkə də ən mühümü malların daşınmasını sürətləndirmək və bütün inzibati-gömrük maneələrini aradan qaldırmaq üçün nəzərdə tutulan “Yaşıl dəhlizlər”dir. Hava nəqliyyatı sahəsində də mühüm inkişaf yaşandı; Səudiyyə hava limanları, xüsusən də Şərq bölgəsindəkilər, sərnişinlərin quru yolları ilə gəlişindən sonra Körfəz hava yolları üçün açıldı. Səudiyyə Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, 28 fevral – 16 mart tarixləri arasında Krallıq hava limanları qonşu ölkələrin aviaşirkətlərinə məxsus 120-dən çox reysi qəbul edib. Buraya Qətər, Küveyt, İraq hava yolları, habelə “Gulf Air” və “Jazeera Airways“in müraciətləri daxildir.
Neft tədarükü məsuliyyəti
Səudiyyə Ərəbistanı neft tədarükü məsələsinə böyük məsuliyyətlə yanaşdı, çünki aparıcı neft istehsalçısı kimi bu tədarüklərin istehlakçı ölkələrə fasiləsiz çatdırılmasını strateji vəzifə hesab edir. “Saudi Aramco” şirkəti obyektlərinin təxribata məruz qalmasına baxmayaraq, istehsal səmərəliliyini və ixrac potensialını artırmağı bacardı. Şirkət Hörmüz boğazının bağlanması və orada baş verən iğtişaşlardan sonra neft axınını təmin etmək üçün alternativ boru kəmərlərini işə saldı. Ölkə iki aydan çox müddətə kifayət edəcək saxlama imkanlarına malikdir. Neftin “Şərq-Qərb” boru kəməri vasitəsilə vurulması Qırmızı dənizdəki Yənbu limanından ixrac imkanlarını gücləndirdi və beləliklə, İranın hücumlarına baxmayaraq neft tədarük şaxəsi aktiv qaldı. Uzunluğu 1200 kilometr olan bu həyati damarın ötürmə qabiliyyəti gündəlik 7 milyon barelə bərabərdir. Hörmüz boğazında naviqasiya dayandıqdan sonra Yənbu limanı Səudiyyə neftinin ixracı üçün yeganə çıxış nöqtəsinə çevrilib.
Bu müharibə Körfəz ölkələri arasında xam neft istehsalı, emalı, kimya sənayesi və ixrac sahələrində tam inteqrasiyanın zəruriliyini təsdiqlədi. Həmçinin İranın Hörmüz boğazındakı şantaj əməliyyatlarını boşa çıxarmaq üçün neft tədarükü məsələsinə strateji baxışın vacibliyi ortaya çıxdı. Müxtəlif neft və qaz istehsalçısı olan Körfəz ölkələrindən Səudiyyə Ərəbistanının qərb sahillərinə boru kəmərlərinin çəkilməsi layihəsi investisiya üçün geniş imkanlar açır. Eyni zamanda, Yəməndə qanuni hakimiyyəti dəstəkləmək və onların bütün ölkə ərazisinə nəzarətini təmin etməklə Babül-Məndəb boğazında “Husi qruplaşmalarının” şantajına son qoyulmalıdır.
Bu kontekstdə, Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol aprel ayında Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz iclasları çərçivəsində keçirilən seminarda vurğuladı ki, “enerji təhlükəsizliyinin qızıl qaydası” diversifikasiyadır. Birol qeyd etdi ki, tədarükün cəmləşməsi riskləri artıq digər enerji zəncirlərində, xüsusən də kritik mineralların emalı sahəsində görünməyə başlayıb: “Biz bu gün bir Hörmüzlə məşğul oluruq, lakin bu mineralların tədarük zəncirləri diversifikasiya edilməzsə, gələcəkdə bir neçə başqa ‘Hörmüzlər’ bizi gözləyə bilər”. O, hökumətlərin böhranı yumşaltmaq üçün gördüyü tədbirlərə baxmayaraq, “ən fundamental həllin Hörmüz boğazı vasitəsilə neft və qazın sərbəst axınının təmin edilməsi” olduğunu vurğuladı.
Krallıq hökuməti İranın təcavüzlərini sənədləşdirərək bütün mövcud sübutları BMT Təhlükəsizlik Şurasına təqdim etməklə bu hücumlarla mübarizə aparıb. Həmçinin İranın azad dəniz naviqasiyasını bağlamaqla həyata keçirdiyi şantaja qarşı vahid Körfəz və ərəb mövqeyinin gücləndirilməsinin vacibliyini önə çıxarıb. Ərəb Dövlətləri Liqasının və bəzi ərəb hökumətlərinin qeyri-qətiyyətli mövqelərinə baxmayaraq, Səudiyyə Ərəbistanı bütün təhlükələrə son qoymaq üçün beynəlxalq və regional səviyyədə həyati rol oynamağın əhəmiyyətini vurğulamağa davam edib. Eyni zamanda, Səudiyyə cari münaqişənin dinc və diplomatik yollarla həllinin, İranın Körfəz ölkələrinin suverenliyinə hörmət etməsinin, nüvə silahlanması və ballistik raket proqramlarının dayandırılmasına dair beynəlxalq tələblərə əməl etməsinin, habelə İraq, Livan və Yəməndəki silahlı qruplaşmalarla əlaqələrini kəsməsinin vacibliyini təsdiqləyib.
Müharibədən sonrakı perspektivlər
Körfəz iqtisadi inteqrasiyası artıq elit təbəqənin müzakirə etdiyi bir lüks deyil, reallaşdırılması vacib olan bir varlıq-yoxluq məsələsinə çevrilib. İnteqrasiya neft sənayesinin inkişafı, istehsal, emal, neft-kimya və ixrac xətlərində birgə fəaliyyət deməkdir. Həmçinin milli neft şirkətlərinin danışıqlar potensialını gücləndirən vahid marketinq siyasətləri üzərində razılığa gəlmək zəruridir.
Şübhəsiz ki, “Aramco” dünyanın müxtəlif ölkələrindən olan alıcılarla ən yaxşı texniki və danışıqlar imkanlarına malikdir. Asiya ölkələri bilirlər ki, Körfəz onlar üçün xam neft, neft məhsulları, gübrə və digər kimyəvi məhsulların əsas mənbəyidir. Səudiyyə Ərəbistanı bu məhsulların əsas ixracatçısı olmaq üçün geniş istehsal imkanlarına malikdir. Krallıq digər Körfəz ölkələrinin milli şirkətləri ilə neft bazarları və istehlakçı ölkələrdəki paylarını qorumaq üçün koordinasiya yarada bilər. Bu, təkcə neft sahəsi ilə məhdudlaşmamalı, digər sənaye və xidmət sahələrində də inteqrasiya inkişaf etdirilməli, özəl sektor müəssisələri arasında tərəfdaşlıq genişləndirilməli və Körfəz bankları tərəfindən birgə maliyyələşdirmə həyata keçirilməlidir. Aydın məsələdir ki, Səudiyyə Ərəbistanı müxtəlif sektorlarda lider rolları yerinə yetirməyə imkan verən qurumlara malikdir.
Krallığın geosiyasi və təhlükəsizlik rolu
Körfəz iqtisadiyyatına qayğı gələcəkdə strateji əhəmiyyət kəsb edir, lakin bu, təhlükəsizlik və siyasi sənədlərin nizamlanması ilə paralel aparılmalıdır. Səudiyyə Ərəbistanı müharibənin başlanğıcından bəri öz liderlik rolunu gücləndirmək və Körfəz təhlükəsizlik sistemini təsis etmək üzərində çalışır. Bu sistemin digər ərəb ölkələrini də əhatə edəcək şəkildə genişləndirilməsinə ümidlər var idi, lakin müharibə bəzi ərəb dövlətlərinin Körfəz təhlükəsizliyini qorumaqda laqeydliyini göstərdi. Buna görə də, “Cəzirə qalxanı” (Peninsula Shield) hərbi sistemini inkişaf etdirmək, hava hücumundan müdafiə sistemlərini gücləndirmək və ənənəvi müttəfiqlərlə koordinasiyada silah və hərbi texnikanı unifikasiya etmək vacibdir. Bundan əlavə, Körfəz cəmiyyətlərini yatmış hüceyrələrdən və terror ünsürlərindən qorumaq üçün təhlükəsizlik sistemləri təkmilləşdirilməlidir.

