Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan BMC, təhlükəsizlik qüvvələri üçün xüsusi olaraq hazırladığı “PAMİR 4×4” yük və şəxsi heyət daşıma vasitəsini ilk dəfə SAHA 2026 sərgisində geniş ictimaiyyətə təqdim edib. Zirehsiz quruluşa malik olan bu yeni texnika ordunun və təhlükəsizlik bölmələrinin lojistik imkanlarını artırmaq məqsədi daşıyır.
ArabAZ xəbər verir ki,şirkətin İdarə Heyətinin sədri Fuat Tosyalı sərgi zamanı verdiyi bəyanatda bildirib ki, “PAMİR 4×4” sahədə yaranan real operativ ehtiyaclara çevik cavab vermək üçün yüksək mühəndislik həlləri ilə hazırlanıb. O, nəqliyyat vasitəsinin bütün çətin sınaq mərhələlərini uğurla tamamladığını və artıq təhvilə tam hazır vəziyyətə gətirildiyini vurğulayıb.
Fuat Tosyalı eyni zamanda Türkiyənin yerli mühərrik istehsalı sahəsindəki tarixi uğuruna da toxunaraq qeyd edib ki, 1500 at gücünə malik “BATU” mühərriki NATO sınaqlarından uğurla keçib. Hazırda seriyalı istehsal mərhələsinə çatan bu mühərrik Türkiyənin ağır zirehli texnikalarının güc qurğusu ehtiyacını daxili imkanlar hesabına ödəməyə imkan verəcək.
Tosyalı əlavə edib ki, şirkətin Ankaradakı tank və zirehli texnika istehsal kompleksi hazırda 24 saat fasiləsiz rejimdə fəaliyyət göstərir. Bu kompleksdə yeni nəsil zirehli texnikaların istehsalı sürətlə davam etdirilir ki, bu da Türkiyənin müdafiə sənayesində xarici asılılığın azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində atılan strateji addımların bariz nümunəsidir.

