Bakı,ArabAZ,Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.
XIX əsrin sonu XX əsrin əvvəllərində Qərb dövlətləri və Rusiya müsəlman ölkələrinin böyük hissəsinin işğalını tamamladılar. İngiltərə Hindistanı, Fransa Afrikanın bir sıra yerlərini, Rusiya Mərkəzi Asiya, Qafqaz və Volqaboyunu işğal etdi. Müsəlmanların hüquqi-siyasi qurumları olan dövlətləri süqut etdi. Təhsil sisteminin dəyişdirilməsinə başlanıldı. Artıq müsəlman ölkələrinin siyasi, ziyalı və iş dünyası elitası düşüncə, geyim, həyat tərzi baxımından Qərb heyranlığı içərisinə girdilər. Bu heyranlıqlarını gizlədə bilmədilər.
Ənənəvi ruhaniliyin əksər hissəsi intellektual və mənəvi aşınma səbəbi ilə mövcud olan axına qarşı fikir sistemləri formalaşdıra bilmədilər.
Lakin bəzi səslər çıxmağa başladı. Bunlar Cəmaləddin Əfqani, Muhamməd Əbduh, Rəşid Rza kimi adamlar idi. Həmin şəxslər son 200 ildə müsəlman dünyasında təhsilin, fikir dünyasının və mənəviyyatın aşınmasını dilə gətirməyə başladılar. Dərhal fərqli fikirlərə görə ənənəvi üləma tərəfindən təkfir edildilər, sapıq elan etdilər. Müsəlman ölkələrində zehin və real işğalın genişlənməsi siyasi islamçılığın formalaşmasına gətirib çıxardı. Xüsusi ilə Osmanlının süqutu və müsəlman ölkələrinin getdikcə daha çox istismar edilməsi, xüsusi ilə İslam məişətinin yox olma təhlükəsi qarşısında olması Həsən Əl Bənna kimi insanları tarix səhnəsinə gətirdi. İslam dünyasında etirazların çoxalmasının digər bir səbəbi isə Fələstində Balfur doktrinası ilə məskunlaşdırılmağa başlayan yəhudi koloniyalarının artması, ərəblərin torpaqlaşsızlaşdırılması və ingilislərin kolonistlərə kömək etməsi idi.
Buna qarşı 1930-cu illərdə ərəb üsyanları qalxdı. Onların da birinin başında İzzəddin Qəssam dayanırdı. İzzəddin Qəssam üsyanı da yatırıldı və ərəblər məğlub edildi. Yəhudi məskunlaşması İkinci Dünya müharibəsində artdı, hamıya məlum olduğu kimi daha sonra İsrail dövləti yarandı. Bu dövlət yaranan kimi ərəb dövlətləri ilə müharibə apardı. Belə bir dövrdə ərəb dünyasında etiraz olaraq ərəb millətçiliyi və sosializmin qarşığı olan bəəsçilik də güclənirdi.
Ərəb liderləri içərisində Sovet dövləti tərəfindən dəsklənən Cəmal Əbdülnasir rüzgarı əsirdi. Cəmal Əbdülnasirin onun hakimiyyətə gətirilməsində xüsusi rolu olmuş olan “İxan Əl müslimin”ə qarşı bu gün Əsədin Suriyada etdiklərini xatırladan hərəkət etməsi siyasi islamçılığı bir qədər də gücləndirdi. Siyasi islamçılıq da iki fikir qanadı ilə inkişaf etdi. Birinci qanad islah edici qanad, ikinci qanad inqilabçı qanad idi. Birinci qanadın dili və üslubiyyəti daha yumşaq idi.
İkinci fikrin yayılmasında Seyyid Qütbün rolu böyük idi. Seyyid Qütbün kitabları və əsərləri problemlərin səbəbi olaraq müsəlman cəmiyyətlərinin cahiliyyələşməsində görürdü. Amma siyasi islamçılığı birləşdirən cəhət o idi ki, hamısı müsəlman ölkələrində islamın siyasi-hüquqi institutlarının dirçəldilməsini istəyirdilər.
Bir qism bunu inqilabi mübarizədə, digər qism isə siyasi sistemlərə inteqrasiyada və partiyalaşmada görürdülər. Partiyalaşaraq siyasi islamçılığın sivil formada inkişaf etməsinə xidmət etmiş insanlardan biri də Nəcməddin Ərbəkan oldu. Nəcməddin Ərbəkan bu gün Türkiyə prezidenti olan Rəcəb Tayyib Ərdoğanın müəllimi və fikir atasıdır.
Sistemə inteqrasiya edəkmi, etməyəkmi, sualı siyasi islamçılığın öz içində ciddi müzakirələr doğurdu. Siyasi islamçılıqdan cihaçı hərəkatların doğması, Əfqanıstanda rus, daha sonra Amerika müdaxiləsi, ərəb dövlətlərində siyasi hakimiyyətlərin bu qismə qarşı ciddi cəzalandırma tədbirləri görməsi daha çox sistem daxili inteqrasiyaya üstünlük verən siyasi islamçılığın inkişafına səbəb oldu. Bunun bir səbəbi də o idi ki, daha radikal və cihadçı hərəkatlar qlobal müstəvidə fəaliyyətə üstünlük verir, milli-ulusal paltar geyinmək istəmirdilər. İkincilər isə bunun bir problem olduğunu, insanları İslamdan və onun ideallarından uzaqlaşdırdığını iddia edir, daha mütəhərrik yol seçmək istəyirdilər. Bunu bəzən açıq deməsələrdə.
Siyasi islamçılıq ərəb baharından sonra Mursinin hakimiyyətə gəlməsi ilə, Qannuşinin hakimiyyətə gəlməsi ilə növbəti mərhələsinə girdi. Birincisi, özünün təyin etdiyi qərargah rəisi tərəfindən devrildi. Sistemə inteqrasiyanı qəbul etsə də söylədiyi ifadələrdə, Fələstin məsələsində daha kəskin idi. Digər tərəfdən Qərbin sıxması ölkədə iqtisadi və sosial böhranlar yaratmışdı. Siyasi islamçılıq mənşəli ən uzun ömürlü hakimiyyət AKP-nin hakimiyyəti və Rəcəb Tayyib Ərdoğan fenomenidir. Amma.. Rəcəb Tayyib Ərdoğan olduqca xarizmatik bir liderdir.
Onun da hakimiyyətdə olduğu dövrü iki hissəyə bölmək olar. Birinci dövr bir zaman birlikdə hərəkət etdiyi Fəthullan Gülən camaatı ilə olan dövrdür. Bu dövrdə bir sıra hallarda Ərdoğanın söyləmləri daha islami kontekstlidir.
Onun məşhur “One minut” ifadəsi siyasi karyerasında xüsusi rol oynadı. Ancaq 2016-cı il 15 temmuz məsələsindən sonra Gülən hərəkatı FETÖ-ya çevrildi və ona mənsub olmaq Türkiyədə bir hüquqi cinayət hesab edildi. Cənab Ərdoğan bundan sonra özünün siyasi fəaliyyətinin başladığı islamçı məhəllədən məsafələnməyə başladı. Getdikcə millətçi dairələr və xüsusi ilə MHP ilə yaxınlaşdı. Artıq onun söyləmləri getdikcə daha çox millətçi, dövlətçi, hətta turançı kontekst almağa başladı. “Təkkəyə mürid aramıyoruz” sözü Rəcəb Ərdoğanı islamçı məhəllə ilə bir qədər də uzaqlaşdırdı.
Rəcəb Tayyib Ərdoğanın getdikcə millətçi kontekstə keçməsi Türkiyə dövlətini daha da gücləndirdi. Sual çıxar nəyə görə? Çünki hər bir dövlətin müasir beynəlxalq münasibətlər sistemində güclənməsi ancaq dövlət millətçiliyi ilə mümkündür. İslamçı ritorik getdikcə Türkiyəçi ritorika ilə əvəz edildi. Bu ritorika Türkiyə cəmiyyətində ideoliji məhəlləsindən asılı olmayaraq bir çox təbəqəsini Ərdoğan ətrafında bir araya yığdı. Məsələ konkret qoyuldu. Türk dövlətinin maraqları, güclü Türkiyə. Hamı bu paltarı geyinmək məcburiyyətində idi. Hətta bir zaman qlobal fəaliyyət ideyasında olan bir çox siyasi islamçı da bu paltarı geyinmək məcburiyyətində idi. Əks halda onun fikirləri marjinallaşacaqdı. Belə də oldu. Ən yaxşı halda siyasi islamçılıq milli sərhədlər daxilində lokallaşdı.
Qarabağ zəfərində Azərbaycanın yanında dayanması, daha sonra Turan layihələrində öncəlik artıq Ərdoğan fenomenini dövlət millətçiliyinin bir bariz simasına çevirdi. Bu da təbii idi. Bütün bu olayların gedişində Türkiyənin yanı başında Suriya olayları partlaq vermişdi. Türkiyənin Suriya siyasəti də eyni ilə iki hissədən ibarət oldu. Birinci mərhələdə söyləmlər və qavramlar islamçı kontekstli idi, dünyanın bir çox yerindən Suriyaya döyüşməyə gedənlər Türkiyədən keçib gedirdi.
Daha sonra nə oldu? 15 temmuz sonrası, milyonlarla Suriyalı qaçqının Türkiyəyə gəlməsi, yerli və qaçqın münasibətlərində problemlər. Rəcəb Tayyib Ərdoğanın ulusal millətçilik baxışları nöqtey nəzərindən Suriya siyasətinə başlaması Türkiyə dövlətinin bu sahədə uğurlarının səbəbi oldu. Türkiyə dövlətinin dövlət olaraq güclənməsi məhz dövlət millətçiliyi xəttinə keçməsi ilə bağlı oldu. Məhz buna görə də, “islamçı məhəllənin” “cinayətkar balası” hesab edilən İŞİD ilə mübarizədə Türkiyə fəal iştirak etdi. Türkiyənin siyasi kursunun dəyişməsi də Suriyada siyasi islamçı və bəzi cihadçı daiərlərin paltarını dəyişməsinə gətirib çıxardı.
Bunu hikmətləşmə məfhumu ilə bağlayan siyasi islamçılıq Suriya məsələsində əslində bir ideoloji böhranla üz üzədir. Qlobal kürəsəl ideyalardan milli lokal hüdudlara enmişdir. Son olaraq Cövlanin verdiyi bəyanatlar, jestologiyası və geyim tərzi bunu açıq göstərir. Bir sözlə, zaman göstərdi ki, dövlətin beynəlxalq münasibətlər sistemində güclü olmasının indiki beynəlxalq sistem daxilində ancaq bir yolu vardır dövlət millətçiliyi. Ona görə artıq siyasi islamçılıq ortaya çıxdığı kürəsəl ideyaları ilə böhrana girdi və süqut etdi deyə bilərik. Təbii ki, bu qətiyyən İslamın süqutu deyildir. Bu bir daha onu göstərdi ki, İslam siyasi istismar obyekti ola bilməz. İslami siyasiləşdirmə cəhdləri müasir dünya sistemində mümkün deyildir. İslam öz təməl kriteriyalarına qayıtmalıdır. Sağlam şəxsiyyət, sağlam ailə, sağlam cəmiyyət.