BAKI, Arab.AZ
Suriya, Türkiyənin diplomatik təşəbbüsləri ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) yenidən üzv qəbul edilib. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan bu qərarı “böyük bir məmnuniyyətlə qarşıladığını” bildirib.
Arab.AZ AzerVoice-ə istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı Suriya’nın üzvlüyünü 13 il əvvəl dayandırmışdı. Türkiyə bu məsələni bir daha gündəmə gətirərək, Suriya’nın üzvlüyünün bərpasına nail oldu. Təşkilatın üzvü olan ölkələrin razılığı ilə Suriya yenidən İƏT-ə üzv qəbul edildi. Qərarın qəbulunun ardınca, Suriyanın yeni hökumətinin Xarici İşlər Naziri Esad Həsən Şeybani toplantıya dəvət olundu.
Hakan Fidan, 7 martda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə Xarici İşlər Nazirləri Şurası Toplantısına qatıldı. Fidan, toplantıda Suriyadakı vəziyyəti müzakirə edərək, “Mərkəzi hökumətin tam nəzarəti və torpaq bütövlüyü əsasında sabitlik və təhlükəsizliyin təmin edilməsi bizim prioritetimizdir” açıqlamasını verib.
Qeyd edək ki, Fidan, Ciddədəki görüşlərində Misir Xarici İşlər Naziri Badr Abdelatty, Pakistan Xarici İşlər Naziri Dar, Qazaxıstan Xarici İşlər Naziri Murat Nurtleu və Özbəkistan Xarici İşlər Naziri Baxtiyar Saidov ilə görüşüb. O, həmçinin, Fələstin Baş Naziri və Xarici İşlər Naziri Muhəmməd Abdullah Mustafa ilə və İran Xarici İşlər Naziri Abbas Əraqçi ilə də görüşlər keçirib.