Bakı. Arab.AZ
Əsəd hakimiyyətinin devrilməsi nəticəsində indiyədək bölgədə ciddi geosiyasi oyunçulardan olan İran və Rusiyanın təsir imkanlarının zəifləməsi və itməsi ilə təkcə Suriyada deyil, bütövlükdə Yaxın Şərqdə yeni bir geosiyasi reallıq yaranıb. İran və Rusiyanın bölgədə təsir imkanları zəifləməsi səbəbindən bölgədə geosiyasi boşluq hiss olunmaqdadır. Bu geosiyasi boşluqdan istifadə edən bölgədəki əsas aktorlar bu boşluğu doldurmağa çalışırlar.
Daha çox itirən İrandır
İranın son 30 ildə Yaxın Şərqdə, xüsusən də qərbdə Aralıq dənizinədək, cənubda Qırmızı dəniz bölgəsinədək bir böyük coğrafiyada öz geosiyasi maraqlarını təmin etmək məqsədilə proksi qüvvələr hesabına yaratdığı “Müqavimət oxu” artıq dağılmaqdadır. Xüsusən də 7 oktyabr 2023-cü ildə HƏMAS-İsrail və ardınca İsrail-Hizbullah qarşıdurmasından sonra bu proses sürətlə davam etməkdədir. İsrail-Hizbullah qarşıdurması isə Tehranın Fələstinə dəstək adı altında Aralıq dənizi bölgəsinədək olan coğrafiyada təsir imkanları və geosiyasi maraqlarını təmin edən “İran qövsü” çöküşünü yaşamaqdadır. İsrailin və Qərbin dəstəyi ilə İranın bölgədəki proksi güclərinin sıradan çıxarılması və zəiflədilməsi nəticəsində Tehran bölgədəki təsir imkanlarını itirməkdə davam edir. İsrail və Qərbin planı İranı tamamilə bölgədən sıxışdırıb çıxarmaqdır. Ona görə də bu qüvvələr təkcə Qəzza, Livan və Suriyadakı İranın proksi güclərinin sıradan çıxarılması ilə kifayətlənməyəcək. Tehranın yaratdığı “İran qövsü” bu ölkənin İraq-Suriya-Livan-Qəzza vasitəsilə Aralıq dənizi coğrafiyasına təsir imkanı verirdi və bu bölgəyə çıxışını təmin edirdi.
Yəqin ki, növbəti mərhələlərdə “Müqavimət oxu”nun tərkib hissəsi olan Yəməndəki husilər və İraqdakı İrana bağlı proksi güclər, xüsusən də “Haşdi-şabi” olacaq. İsrail və Qərb buna nə qədər nail olacaq, bunu zaman göstərəcək. “İran qövsü” isə Tehranın bütövlükdə Yaxın Şərq, Aralıq dənizi və Qırmızı dəniz coğrafiyasında geosiyasi maraqlarının təmin olunmasına xidmət edir. Amma İsrail və Qərb bu planına nə qədər nail olacaq, bunu zaman göstərəcək. Qərb və İsrail bu planını həyata keçirmək üçün Tehrana təzyiq və sanksiya siyasətini davam etdirməklə nail olmaq istəyir. ABŞ-də Trampın yenidən hakimiyyətə gəlişini nəzərə alsaq, o zaman vəziyyətin İran üçün o qədər də ürəkaçan olmadığını deyə bilərik.
Digər məqam isə ondan ibarətdir ki, artıq İran da həm sanksiyalar, həm də qlobal iqtisadi-maliyyə böhranı nəticəsində ciddi şəkildə zəiflədiyindən proseslərə əvvəlkitək adekvat reaksiya verə bilmir.
Yaranmış durumda Tehranın çıxış yolu isə ənənəvi Yaxın Şərq siyasətindən əl çəkib yeni dünya reallıqlarına uyğun paradiqma dəyişikliyi etməlidir.
Ümumiyyətlə, Tehran xarici siyasətində paradiqma dəyişikliyini etməzsə, o zaman daha ciddi böhran və çıxılmaz vəziyyətlə üzləşə bilər.
Rusiya
Əsəd rejiminin süqutu ilə Rusiya da Yaxın Şərqdəki təsir imkanlarından məhrum olsa da, Tehrandan fərqli olaraq bölgədəki hərbi mövcudluğuna görə, məhdud da olsa, mövcudluğunu qoruyub saxlamağa nail ola bilər. Kremlin artıq Əsəd rejimini devirən qüvvələrlə hesablaşıb onlarla dialoqa getməsi buna zəmin yaradır.
Ümumiyyətlə, Moskvanın xarici siyasətində əsas prioritet dövlətlərlə münasibətində konkret şəxslər və ya siyasi qüvvələrlə deyil, mövcud hakimiyyətlərlə işləmək təşkil edir. Bu baxımdan Əsədin devrilməsi elə də önəm daşımır. Əsas odur ki, onu əvəzləyəcək qüvvə ilə razılaşa bilsin. Moskva bu prinsipinə sadiq qalaraq Suriyadakı yeni qüvvələrlə danışığa gedib ən azından orada məhdud şəkildə olsa da, hərbi varlığını və maraqlarını təmin etməyə çalışacaq. Hesab edirəm ki, Rusiyanın bölgədki varlığında Türkiyə ilə İsrail də maraqlı olacaq. Təbii ki, Rusiyanın bölgədə maraqlarının təmin olunmasında hər tərəfin öz çıxarı var.
Yeni Suriya isə əsasən bu üç ölkə arasında bölünəcək
Suriyanın qurulmasında və mövcud geosiyasi boşluğu doldurmaq uğrunda mübarizə hazırda, əsasən, Türkiyə, ABŞ və İsrail arasında gedir. Digər güclərin mübarizəsi isə o qədər də hiss olunan səviyyədə deyil.
ABŞ
Trampın hakimiyyəti gəlişindən sonra Ağ Evin xarici siyasətinin ana xəttini Sakit oken hövzəsi, Çin və İran təşkil edəcək. Yaxın Şərq Tramp dövründə daha çox İsrailin mövqeyinin möhkəmlənməsi və İranın bölgədən sıxışdırılıb çıxarılması baxımdan diqqət çəkəcək.
Amma PKK/YPG/PYD terror təşkilatları məsələsində Ağ Evin siyasətində dəyişikliyi gözləmək sadəlövhlük olar. Ağ Evin PKK/YPG/PYD terror təşkilatına dəstək verməsi isə Ankara üçün narahatlıqlar yaradacağı gözləniləndir.
İsrail
Əsəd rejiminin süqutundan uduşlu vəziyyətdə çıxan ölkə isə İsraildir.
Birincisi, Əsəd rejiminin süqutundan dərhal faydalanan İsrail Colan təpələrini ələ keçirməklə öz ərazisini genişləndirməklə kifayətlənmədi, Dəməşqin 20 km-lik məsafəsinədək irəlilədi.
İkincisi, Colan təpələrindəki mühüm strateji əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirməklə Suriya və Livan ərazisinə ciddi hərbi nəzarət imkanlarını əldə etdi. Bununla İsrail həm də İrandan Hizbullaha gözlənilən hərbi, humanitar və digər dəstəklərə və onların qarşısını almağa nəzarət etmək imkanı qazandırdı.
Üçüncüsü, yeni Suriyanın qurulmasında danışıqlar masasında bölgədə maraqlarını baxımdan ciddi avantajlar əldə etmiş oldu.
Dördüncüsü, İranın bölgədə mövqelərini zəiflədib sıradan çıxarmaqla təhlükəsizliyinə olan təhdidləri minimuma endirdi.
Beşincisi, Yaxın Şərqdəki planlarını reallaşdırmaq istiqamətindəki növbəti addımların bünövrəsini qoydu.
Türkiyə
Əvvəlki mərhələlərdən fərqli olaraq Əsəd rejiminin devrilməsində ən uduşlu çıxan ölkə isə Türkiyəni hesab etmək olar. Əgər əvvəlki mərəhələlərdə Türkiyə başda ABŞ olmaqla İsrail-Qərb koalisiyasından, Rusiya, İrandan sonrakı yerdə gəlirdisə, indi isə prosesləri yönəldən ölkə sırasındadır. Son hadisələr zamanı Ankara təşəbbüsü ələ alıb uğurlu sonuca nail olmaqla nəinki Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə yeni geosiyasi reallıq yaratmış oldu. Əsəd rejiminin süqutundan sonra yeni Suriyanın qurulması və bölgənin yenidən şəkilləndirilməsində Ankaranın oynadığı rol və sərgilədiyi mövqe bunun bariz nümunəsidir. Artıq bütün maraqlı güclər və əsas aktorları bölgənin gələcəyi ilə bağlı ancaq Ankara ilə danışıqlar aparmaqda, onun mövqeyini nəzərə almaqdadır.
Ankara yaranmış vəziyyətdə təkcə yeni Suriyanın deyil, Yaxın Şərqin yenidən dizayn olunmasında əsas aktiv aktor rolunda çıxış etmək üçün ilk olaraq Suriyada daha ciddi şəkildə oturuşmaq istiqamətində hərtərəfli fəaliyyət planını həyata keçirməkdədir.
Ankaranın Suriyanın unitarlığı, ərazi bütövlüyü çərçivəsində bütün siyasi, hərbi müxalif qüvvələrin, o cümlədən etnik və dini qrupların iştirakı ilə yeni Suriyanın qurulması istiqamətində qətiyyətli mövqe sərgiləməsi onun mövqeyini daha da gücləndirir. Ankaranın belə bir mövqe sərgiləməsi, Suriyanın parçalanmasında və bölgədə böhranın davam etməsində maraqlı olan əsas aktorların da diplomatik cəhətdən əl-qolunu bağlayır. Onları Ankara ilə hesablaşamağa vadar edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, xarici işlər naziri Hakan Fidanın yeni Suriyanın qurulması ilə bağlı proseslərin ilk anından sərgilədiyi mövqe bunun göstəricisidir.
MİT rəhbəri İbrahim Kalının Dəməşqə səfəri, orada keçirdiyi görüşlər, ABŞ dövlət katibi Entoni Blinkenin Ankaraya səfəri çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla və xarici işlər naziri Hakan Fidanla baş tutan görüşdən beynəlxalq aləmə verilən mesaj ondan ibarət oldu ki, Ankara Suriyanın parçalanmasına və PKK/YPG/PYD, İŞİD kimi terror təşkilatlarının yeni Suriyanın qurulmasında iştirakına qətiyyətli şəkildə imkan verməyərək buna qarşı çıxacaq.
Ümumiyyətlə, Suriyadakı son uzunmüddətli mürəkkəb böhranın ciddi itkilər vermədən Əsəd rejiminin devrilməsi ilə nəticələnən proseslərdə Ankaranın oynadığı rol beynəlxalq miqyasdakı nüfuzunun və mövqeyinin möhkəmlənməsinə çox ciddi şəkildə təsir edib və etməkdədir.
Ankara qarşıdakı dönəmdə yeni Suriyanın qurulmasındakı planlarını uğurla həyata keçirərsə, bu, təbii ki, Türkiyənin ciddi bir qlobal aktor rolunu oynayan dövlət kimi qəbul olunması ilə nəticələnəcək.
Ankaranın Suriyanın ərazi bütövlüyü çərçivəsində bütün tərəflərin iştirakı ilə problemin həlli istiqamətində təklifi təkcə bölgədəki əsas aktorların maraqlarının təmin olunması baxımdan deyil, eyni zamanda, Yaxın Şərq ölkələrində, Avrasiya və Afrika coğrafiyasında sabitliyin təmin olunması və yeni əməkdaşlıq formatlarının yaranması baxımdan mühüm əhəmiyyət kəsb edir.
Bölgədəki əsas oyunçular, həqiqətən də, Suriyanın parçalanmasına və gərginliyin, münqişənin davam etməsində maraqlı deyillərsə, onda Ankaranın yeni Suriyanın qurulması ilə bağlı təklifinə uyğun davranmalıdırlar. Əks təqdirdə, Suriyada böhranın davam etməsi zəncirvari proses olaraq regionda yeni münaqişələrin yaranmasına səbəb olacaq. Bundansa udan tərəf olmayacaq.
Mürtəza
Ölkə.Az