2026-cı il sentyabrın 19-dan oktyabrın 4-dək Yaponiyada keçiriləcək 20-ci Asiya Oyunlarının kişilər arasında futbol turnirində Qətərin 23 yaşadək futbolçulardan ibarət millisi çətin D qrupunda yer alıb. Komanda Cənubi Koreya və Səudiyyə Ərəbistanı yığmaları ilə mübarizə aparacaq.
ArabAZ xəbər verir ki, rəsmi açılış mərasimindən əvvəl, sentyabrın 15-də başlayacaq futbol yarışında dörd qrupa bölünmüş 15 komanda iştirak edəcək. A, B və C qruplarının hər birində dörd komanda yer alsa da, D qrupunda cəmi üç komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaq.
Qətər millisi ilk oyununu sentyabrın 16-da Cənubi Koreyaya qarşı keçirəcək. Sentyabrın 20-də isə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq. D qrupunun oyunları Naqoyada yerləşən “Paloma Mizuho Sports Park Rugby” və “CS Asset Minato” stadionlarında təşkil olunacaq. Kişilər arasında futbol turnirinin final matçı isə oktyabrın 3-də Aiçi prefekturasında yerləşən 45 min nəfərlik “Toyota” stadionunda oynanılacaq.
Ev sahibi Yaponiya A qrupunda Tailand, Qırğızıstan və Honq Konq ilə birgə yer alıb. B qrupunda Çin, Birləşmiş Ərəb Əmirlikləri, İran və Şimali Koreya mübarizə aparacaq. C qrupunda isə Vyetnam, Özbəkistan, Filippin və Küveyt qarşılaşacaq.
Kişilər arasında futbol turniri U-23 səviyyəsində təşkil olunur. Hər komandaya heyətə yaş həddini aşan üç futbolçu daxil etməyə icazə verilir.
2023-cü ilin sentyabr və oktyabr aylarında Çində təşkil olunan Hançjou Asiya Oyunlarında Qətər çətin futbol mövsümü keçirməsinə baxmayaraq, qrup mərhələsini keçməyi bacarmışdı. Yaponiya ilə ilk matçda 3:1 hesabı ilə məğlub olan Qətər millisi Fələstinlə qolsuz bərabərə qalaraq 1/8 finala yüksəlmişdi. Lakin meydan sahibi Çin 1:0 hesablı minimal qələbə qazanaraq Qətərin turnirdəki mübarizəsinə son qoymuşdu. Bu nəticə ilə Qətər futbol turnirini ümumilikdə 16-cı pillədə başa vurmuşdu.
Eyni zamanda, Qətərin həndbol üzrə milli komandası da çempionluq titulunu qorumaq üçün mübarizəyə başlayacaq. Komanda A qrupunda ev sahibi Yaponiya, Çin və Honq Konq ilə birlikdə yer alıb. B qrupunda isə Bəhreyn, Küveyt, Cənubi Koreya, İran və Qazaxıstan mübarizə aparacaq.
Qətər yığması əvvəlki üç turnirdə çempion olduqdan sonra Asiya Oyunlarında ardıcıl dördüncü qızıl medalı qazanmağı hədəfləyir. Komanda İnçxon-2014 finalında ev sahibi Cənubi Koreyanı 24:21 hesabı ilə üstələmişdi. Cakartada keçirilən 2018-ci il finalında Bəhreynə 32:27 hesabı ilə qalib gəlmiş, Hançjou-2022 finalında isə yenidən Bəhreyni 32:25 hesabı ilə məğlub edərək titulunu qorumuşdu.
Asiya çempionu olan Qətər millisi qitədəki üstünlüyünü daha da möhkəmləndirmək niyyətindədir. Qətər 2014, 2016, 2018, 2020, 2022 və 2024-cü illərdə ardıcıl altı dəfə Asiya çempionu adını qazanıb. Komanda həmçinin Dohada keçirilən 2015-ci il Beynəlxalq Həndbol Federasiyasının kişilər arasında dünya çempionatında ikinci yeri tutub.
Həndbol turniri Oyunların en maraqlı yarışlarından biri olacaq. Qətər öz zəngin uğur siyahısına növbəti qitə titulunu əlavə etməyə çalışacaq. “Toyoda Gosei Memorial Gymnasium Inazawa” idman kompleksi kişilər arasında həndbol yarışlarının ilkin mərhələ oyunlarına və medal görüşlərinə, o cümlədən finala ev sahibliyi edəcək. “Kasugai City General Gymnasium” zalı isə ilkin mərhələnin digər oyunlarını qəbul edəcək.


