Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Əsəddən sonra Süveyda: Qaçaqmalçılıq niyə hələ də davam edir?

May 3, 2026 5:18 səhər
Paylaş
Paylaş

İordaniya elan edib ki, Silahlı Qüvvələri bu gün, bazar günü sübh tezdən “İordaniya Çəkindirmə Əməliyyatı” çərçivəsində krallığın şimal sərhəd xəttində silah və narkotik tacirlərinə məxsus bir sıra nöqtələrə hava zərbələri endirib. Suriya mənbələri isə zərbələrin ölkənin cənubundakı Süveyda bölgəsini hədəf aldığını bildirib.

İordaniya Xəbər Agentliyinin məlumatına görə, Silahlı Qüvvələr silah və narkotik tacirlərinin İordaniya ərazilərinə doğru əməliyyatlarını həyata keçirmək üçün istifadə etdikləri zavod, emalatxana və anbarları bombardman edib. Həmin yerlərin dəqiq koordinatları barədə əlavə məlumat verilməyib.

İordaniya Silahlı Qüvvələrinə istinadən vurğulanıb ki, hava hücumları nəticəsində həmin mövqelər məhv edilib. Krallığa narkotik maddələrin və silahların daxil olmasının qarşısını almaq üçün hədəfəalma əməliyyatlarının yüksək dərəcəli dəqiqliklə həyata keçirildiyi qeyd olunub.

Hədəfəalma niyə baş verdi?

İordaniya Silahlı Qüvvələri həmin qruplaşmalar öz fəaliyyətlərini həyata keçirmək üçün hava şəraitindən və mövcud regional vəziyyətdən istifadə edərək yeni metodlara əl atdıqlarını bəyan edib.

Qeyd olunub ki, silah və narkotik vasitələrin qaçaqmalçılığı cəhdlərinin sayında nəzərəçarpacaq artım müşahidə olunur və bu, Sərhəd Mühafizə Qoşunları və onlara dəstək verən bölmələr üçün öz vəzifələrini yerinə yetirərkən böyük çətinlik yaradır. Həmçinin İordaniya Silahlı Qüvvələri krallığın təhlükəsizliyinə və suverenliyinə toxunan istənilən təhdidə qarşı “qətiyyətli və çəkindirici” qabaqlayıcı tədbirlər görməyə davam edəcəyini təsdiqləyib.

Hava zərbələri nələri hədəf alıb?

Suriya tərəfindən rəsmi “Suriya Əl-İxbariyyə” kanalı yerli mənbələrə istinadən xəbər verib ki, İordaniyaya məxsus olduğu güman edilən döyüş təyyarələri Süveydanın Şahba kəndində “üsyankar dəstələrin” nəzarətində olan silah və narkotik anbarını hədəf alıb.

Həmçinin bildirilib ki, zərbələr Şahba şəhərindəki keçmiş Dövlət Təhlükəsizliyi şöbəsinin ətrafını hədəf alıb. Bu zaman ərazidə döyüş dronlarının intensiv uçuşları müşahidə olunub və bölgədə təcili yardım maşınlarının səsləri eşidilib.

“Suriya Əl-İxbariyyə”nin istinad etdiyi “Süveyda 24” şəbəkəsinin məlumatına görə, oxşar zərbələr Süveydanın şərqindəki Busan kəndində iki narkotik anbarını və Ərman kəndində tanınmış narkotik qaçaqmalçısı Faris Saymuaya məxsus anbarı, həmçinin Süveyda çölünün cənub və cənub-şərqindəki Ümmür-Rumman və Mələh kəndləri yaxınlığında narkotik saxlamaq üçün istifadə olunan bir neçə yuvanı hədəf alıb.

“Süveyda 24” şəbəkəsi qeyd edib ki, Şahba bölgəsində “Milli Qvardiya“nın İordaniya ordusuna aid olduğu ehtimal edilən dronları hədəf alması nəticəsində ağır pulemyotlardan intensiv atəş səsləri eşidilib. Bu kontekstdə “France-Presse” (AFP) agentliyi yerli mənbələrə istinadən xəbər verib ki, bir sıra zərbələr Süveydanın ən azı 5 qəsəbəsində müxtəlif mövqeləri, o cümlədən Ərman qəsəbəsindəki anbarları hədəf alıb.

“Milli Qvardiya”nın əlaqəsi nədir?

Süveydadakı zərbə nöqtələri əyalətin bəzi hissələrinə nəzarət edən silahlı qruplaşmalar məsələsini yenidən gündəmə gətirir. Xüsusilə, 2025-ci ilin iyul hadisələrindən sonra yaradılan və “Milli Qvardiya” kimi təsvir edilən qurum diqqət mərkəzindədir. Baxmayaraq ki, İordaniya ordusu konkret bir qrupu hədəf aldığını elan etməyib, sadəcə silah və narkotik tacirlərini vurduğunu təsdiqləyib.

Suriya mənbələrinin verdiyi məlumata görə, İordaniyanın hava zərbələri Şahba, Busan, Ərman, Ümmür-Rumman və Mələh ərazilərini əhatə edib ki, bu bölgələrdə “Milli Qvardiya”nın silahlıları mövcuddur.

“Milli Qvardiya” Şeyx Hikmət əl-Hicrinin  ( İsrailin bir nömrəli adamı) hərbi zərbə qüvvəsi və Süveyda daxilində ümumi qərarlara nəzarəti bərqərar etmək üçün istifadə etdiyi alət hesab olunur. O, bu qurumu ötən ilin avqust ayının sonunda təqaüddə olan zabitlərdən, keçmiş rejimin qalıqlarından və əvvəllər adam qaçırma, soyğunçuluq və narkotik ticarəti ilə məşğul olan silahlı milislərdən təşkil edib.

“Süveyda 24” şəbəkəsi 25 aprel tarixində Süveydanın cənubundakı Əl-Qurayya qəsəbəsi yaxınlığında narkotik daşınması zəminində “Milli Qvardiya”ya daxil olan qruplaşmalar arasında silahlı qarşıdurmanın baş verdiyini təsdiqləmişdi. Şəbəkə o zaman qeyd etmişdi ki, bu silahlı münaqişə Süveydada “Milli Qvardiya”nın nəzarətində olan ərazilərdə narkotik fenomeninin yayılması, bəzi qruplaşmaların cənub sərhədi vasitəsilə narkotik qaçaqmalçılığı şəbəkələrində iştirakı və bölgədə bir neçə narkotik istehsalı laboratoriyasının olması barədə ittihamlar fonunda baş verib.

Qaçaqmalçılıq niyə davam edir?

Suriya-İordaniya sərhədi vasitəsilə narkotik qaçaqmalçılığı problemi Əsəd rejiminin süqutundan sonra nisbətən azalsa da, tamamilə bitməyib. Müharibə illəri ərzində Suriya keçmiş rejim və nüfuzlu hərbi-təhlükəsizlik fiqurları ilə əlaqəli şəbəkələr vasitəsilə “kaptagon” istehsalı və qaçaqmalçılığının əsas mərkəzinə çevrilmişdi. İordaniya isə narkotiklərin Suriyadan dünya ölkələrinə daşınması üçün ən mühüm tranzit yollarından biri idi.

Əsəd rejiminin süqutundan sonra Suriyanın yeni hakimiyyəti narkotik və silah qaçaqmalçılığı ilə mübarizədə İordaniya ilə əməkdaşlıq edəcəyinə söz verib. İki ölkə 2025-ci ilin yanvar ayında birgə təhlükəsizlik komitəsi yaradıb. Müharibə illərində formalaşmış yollar, anbarlar və yerli vasitəçilərdən ibarət qaçaqmalçılıq şəbəkələrinin ləğv edilməsi istiqamətində işlər davam edir.

Xüsusilə Süveydada “Forbidden Stories” təşkilatının araşdırması göstərib ki, bu əyalət İordaniya sərhədi yaxınlığında kaptagon qaçaqmalçılığının “qaynar nöqtəsi” olaraq qalıb və Əsədin süqutundan sonra da qaçaqmalçılıq cəhdləri davam edib. İordaniya ordusu isə qaçaqmalçı qrupları hədəf almağa davam edir. Keçən ilin dekabr ayında da Süveyda çölünün cənub və şərqində narkotik şəbəkələrinə və anbar fermalarına bir neçə hava zərbəsi endirilmişdi.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İranTəhlil

Tehran dənizdəki ənənəvi gücünü necə itirdi?

Müəllif:
mail.azerpress@gmail.com
Digər xəbərlərTəhlil

Ağıllı şəhərlər üçün trilyonlarla dollar

Müəllif:
ArabAZ News
LivanSuriya

Suriya və Livan investisiya sahəsində razılaşdı

Müəllif:
mail.azerpress@gmail.com
Arab SportArab+ArabShowFələstinYaxın Şərq

Elyanna FIFA Dünya Çempionatının rəsmi səsi oldu

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.