Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casem əl-Budeyvi çərşənbə günü verdiyi rəsmi bəyanatda İran Xarici İşlər Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı irəli sürdüyü əsassız və qəbuledilməz iddiaları kəskin şəkildə pisləyib.
ArabAZ xəbər verir ki, baş katib vurğulayıb ki, bu cür yanlış iddialar İranın bölgə ölkələrinə qarşı apardığı gərginliyi artırma və təxribat xarakterli siyasətinin bir davamıdır. O qeyd edib ki, Tehran təkcə BƏƏ ərazilərini hədəf alan qəddar hücumları ilə kifayətlənməyib, həm də beynəlxalq norma və qanunları kobud şəkildə pozaraq faktları təhrif etmək cəhdlərini davam etdirir.
Casem əl-Budeyvi əlavə edib ki, İranın bəyanatında yer alan fikirlər regionda təhlükəsizliyi və sabitliyi pozmaq, gərginliyi qızışdırmaq niyyətini açıq şəkildə ortaya qoyur. Bu yanaşma Tehranın bölgənin təhlükəsizliyini və xalqların sülh içində yaşamasını təhdid edən düşmənçilik xəttini təsdiqləyir. Baş katib Körfəz ölkələrinin BƏƏ ilə tam həmrəy olduğunu və bu ölkənin öz təhlükəsizliyini, sabitliyini və suverenliyini qorumaq üçün atdığı bütün addımları dəstəklədiyini bir daha bəyan edib. Casem əl-Budeyvi sonda xatırladıb ki, Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizliyi bütün Körfəz Əməkdaşlıq Şurası ölkələrinin təhlükəsizliyinin ayrılmaz bir hissəsidir.

