İsraildə bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan ümumi parlament seçkiləri ərəfəsində daxili siyasi müstəvidə “xarici müdaxilə” və “süni intellekt (AI) vasitəsilə saxtalaşdırma” qorxusu pik həddə çatıb.
ArabAZ xəbər verir ki, İsrailin Baş Müfəttişi (Dövlət Nəzarətçisi) Metniyahu Engelman dərc etdiyi rəsmi hesabatda xəbərdarlıq edib ki, ölkə rəqəmsal məkanda xarici təsirlərə qarşı heç bir vahid milli strategiyaya malik deyil. Engelman vurğulayıb ki, mövcud təhlükəsizlik boşluqları İsrail cəmiyyətini dövlət institutlarına və seçki nəticələrinə olan inamı sarsıtmağa yönəlmiş mütəşəkkil kiber-kampaniyalar qarşısında tamamilə müdafiəsiz qoyur.
Yerli müxalifət isə əsas təhlükənin kənardan deyil, elə daxildən gəldiyini iddia edir. Knessatdəki (parlament) müxalif qüvvələr bəyan ediblər ki, Baş nazir Benjamin Netanyahunun nəhəng maliyyə tərəfindən dəstəklənən təbliğat maşını, eynilə ABŞ-da olduğu kimi, süni intellekt imkanlarını tamamilə öz nəzarətinə götürüb. Bu alətlər vasitəsilə cəmiyyətə kütləvi şəkildə yalan və dezinformasiya ötürülərək rəqəmsal beyin yuyulması həyata keçirilir. “Maariv” qəzetinin yazarı Ran Adelist də Netanyahunun süni intellekt vasitəsilə real faktları təhrif etdiyini və medianı özünə tabe etdiyini yazıb.
İrandan 5 milyon saxta SMS və “İsnad” kiber-əməliyyatı
Netanyahuya yaxınlığı ilə bilinən Baş Müfəttiş isə diqqəti daxili böhrandan yayındırmaq üçün daha çox xarici təhdidləri qabardıb. Onun rəsmi hesabatında qeyd olunur ki, başda İran olmaqla düşmən qüvvələr İsrail cəmiyyətində parçalanma və vahimə yaratmaq üçün sosial şəbəkələrdən sistemli şəkildə istifadə edirlər. Xüsusilə Qəzza müharibəsindən sonra bu təhlükə olduqca şəkildə artıb.
Hesabatda konkret kiber-hücum nümunələri də yer alıb. Belə ki, 2024-cü ilin sentyabrında İran və “Hizbullah” İsrail vətəndaşlarına eyni anda 5 milyon saxta SMS göndərərək, təcili sığınacaqlara girmək barədə yalançı həyəcan siqnalı yayıb və kütləvi panika yaradıb. Həmçinin sosial şəbəkələrdə yüzlərlə saxta profil vasitəsilə idarə olunan “İsnad” adlı gizli kampaniya çərçivəsində İsrail ictimai rəyini “HƏMAS”ın şərtlərinə uyğun şəkildə müharibəni bitirməyə sövq etmək üçün manipulyasiyalar aparılıb.
Hesabatda həmçinin İranın Qəzzadakı hərbi əməliyyatları “soyqırımı” kimi təqdim edən rəqəmsal məzmunlar yaydığı iddia edilib. Lakin BMT ekspertləri artıq İsrailin Qəzzadakı hərəkətlərinin soyqırımı olduğunu təsdiqləyiblər, Beynəlxalq Cinayət Məhkəməsi isə Netanyahunun həbsinə order çıxarıb.
Engelmanın hesabatı İsrailin kiber-təhlükəsizlik orqanlarının və kəşfiyyatının qorxunc laqeydliyini də ifşa edib. Məlum olub ki, Milli Təhlükəsizlik Şurası hələ 2017-ci ildə bu təhlükəni qeydə alsa da, heç bir addım atılmayıb. 2023-cü ildə nəzarət Kəşfiyyat Nazirliyinə verilib, lakin nazirlik 2024-cü ilin martında tamamilə ləğv edilib və yerinə heç bir qurum təyin olunmayıb.
Milli Kiber-Təhlükəsizlik İdarəsinin 2024-cü ilin sentyabrında hazırlayıb Netanyahuya təqdim etdiyi xüsusi fəaliyyət planı isə düz bir il boyunca Baş nazirin masasında baxılmamış qalıb. Yalnız 2025-ci ilin iyulunda Engelmanın müdaxiləsi ilə plan Milli Təhlükəsizlik Şurasına ötürülsə də, şura avqust ayında bu layihəni tamamilə dondurub.
Daxili kəşfiyyat xidməti olan ŞABAK (Şin Bet) isə yalnız 2026-cı ilin yanvarında qarşıdan gələn seçkilər üçün kiber-müdafiə hazırlıqlarına başladığını elan edib. Yanvar ayında Mərkəzi Seçki Komissiyası və ŞABAK süni intellekt təhdidlərinə qarşı ortaq işçi qrupu yaratsalar da, İsrailin mövcud Seçki Təşviqatı Qanununun 1959-cu ilə aid olması modern süni intellekt əsrinin tələbləri qarşısında aciz qalır. Engelman xəbərdarlıq edib ki, bu gedişlə oktyabr seçkilərinin nəticələrinin manipulyasiya edilməsi və xalqın seçkiyə inamının tamamilə itməsi qaçılmazdır.

