Türkiyə ilə Ermənistan arasında 2022-ci ildən bəri davam edən münasibətlərin normallaşdırılması prosesi çərçivəsində daha bir mühüm addım atılıb. İki ölkə arasında birbaşa ticarətin başlanmasına dair bürokratik və texniki hazırlıqların 2026-cı il mayın 11-i etibarilə tam başa çatdığı açıqlanıb. ArabAZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli özünün “X” sosial şəbəkə hesabında məlumat paylaşıb.
Ülkemiz ile Ermenistan Arasında Doğrudan Ticaretin Başlatılması Hakkında:
— Öncü Keçeli | Dışişleri Bakanlığı Sözcüsü (@oncukeceli) May 13, 2026
Ermenistan ile 2022 yılından bu yana devam eden normalleşme sürecimiz çerçevesinde atılan güven artırıcı adımlar kapsamında, ülkemiz ile Ermenistan arasında doğrudan ticaretin başlatılmasına ilişkin…
Açıqlamada qeyd olunur ki, birbaşa ticarət üçün maneələr aradan qalxsa da, iki ölkə arasındakı ortaq quru sərhədinin tam açılması istiqamətində texniki işlər hələ də davam etməkdədir. Yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü ölkələr (məsələn, Gürcüstan) vasitəsilə Ermənistana göndərilən və ya əks istiqamətdə daşınan malların sənədlərində son təyinat və ya çıxış məntəqəsinin rəsmi olaraq “Ermənistan/Türkiyə” kimi göstərilməsi artıq mümkün olacaq.
Türkiyə XİN rəsmisi vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi üçün yaranmış tarixi fürsət fonunda Ankara bölgədə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın genişləndirilməsinə dəstəyini davam etdirəcək. Rəsmi bəyanatda həmçinin bildirilib ki, bu proses region xalqları arasında iqtisadi əlaqələrin gücləndirilməsinə və qarşılıqlı faydalı münasibətlərin qurulmasına xidmət edir. Xatırladaq ki, son illərdə Ankara və İrəvan arasında normallaşma üzrə xüsusi nümayəndələr səviyyəsində müntəzəm diplomatik təmaslar həyata keçirilir.

