Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bazar günü elan etdiyi 1448-ci hicri ili üzrə Ümrə mövsümü təqviminə əsasən, Ümrə vizalarının verilməsi və zəvvarların Krallığa gəlişi 31 may 2026-cı il tarixindən etibarən başlayacaq.
Açıqlanan təqvim əməliyyat səmərəliliyinin artırılması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq viza rəsmiləşdirilməsi, müqavilə prosedurları və zəvvarların qarşılanması ilə bağlı mühüm tarixləri və elektron xidmətləri özündə əks etdirir.
Səudiyyə bu şəxsləri deportasiya edəcək
ArabAZ xəbər verir ki, təqvimə görə, zəvvarlar 1 iyun 2026-cı il tarixindən etibarən Məkkəyə daxil ola biləcək və həmçinin “Nusuk” mobil tətbiqi vasitəsilə Ümrə icazələrini (permits) əldə edə biləcəklər. Mövsüm çərçivəsində Ümrə vizalarının verilməsi üçün son tarix 9 mart 2027-ci il, zəvvarların Krallıq ərazisinə daxil ola biləcəyi ən son tarix isə 23 mart 2027-ci il olaraq müəyyən edilib.
Nazirlik Ümrə zəvvarlarının ölkədən ayrılması üçün son tarixin 7 aprel 2027-ci il olacağını təsdiqləyib. Qurum Ümrə xidməti göstərən yerli şirkətləri və xaricdəki agentləri təsdiq olunmuş qrafikə ciddi şəkildə riayət etməyə, mövsüm boyu zəvvarlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsini təmin etmək üçün nazirlik tərəfindən verilən bütün qayda və təlimatlara əməl etməyə çağırıb.

