Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Naziri Məcid Əl-Hoqeyl Əl-Baha bölgəsində icra olunan bələdiyyə, mənzil və infrastruktur layihələrinin gedişatını rəsmən yoxlayıb. ArabAZ xəbər verir ki, Nnazir səfər çərçivəsində inşası tamamlanmış layihələrin açılışını edib. O, həmçinin ümumi investisiya həcmi 1.67 milyard Səudiyyə rialını (təxminən 445 milyon dollar) ötən yeni layihələrin təməlini qoyub. Nazir həm də sosial mənzil proqramından yararlanan vətəndaşlara yeni mənzillərin açarlarını təqdim edib.
Səudiyyə G20 ölkələri arasında ən təhlükəsiz dövlət seçildi
Məcid Əl-Hoqeyl bölgədə ümumi dəyəri 464 milyon rial olan bələdiyyə layihələrinin rəsmi açılışını reallaşdırıb. Bununla yanaşı, dəyəri 873.5 milyon rial təşkil edən yeni bələdiyyə obyektlərinin təməl daşını qoyub. Bu investisiya paketi aşağıdakı sahələri əhatə edir:
Yeni avtomobil yollarının çəkilməsi və səkilərin qurulması;
Küçələrin müasir işıqlandırma sistemləri ilə təchiz edilməsi;
Daşqın və sel sularının qarşısının alınması üçün mühəndislik işləri;
Sakinlər və turistlər üçün yeni parkların və istirahət zonalarının salınması.
Bu layihələr Əl-Baha bölgəsinin infrastrukturunu gücləndirmək və əhaliyə göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədi daşıyır.
Mənzil tikintisi sektorunda nazir ümumi dəyəri 185.7 milyon rial olan layihələrin, o cümlədən “Telal Al-Baha” (Əl-Baha təpələri) yaşayış kompleksinin açılışını edib. Həmçinin Balcuraşi və Qilva prefekturalarında sosial mənzil binaları istifadəyə verilib.
Nazir Krallıqda fərdi mənzil mülkiyyətini genişləndirmək məqsədilə layihədən satış (off-plan sales) proqramı çərçivəsində yeni mənzil tikintilərinin də təməlini qoyub. Bu yeni yaşayış komplekslərinin ümumi investisiya dəyəri 150 milyon Səudiyyə rialı təşkil edir.

