Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlər rəsmi olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyindən ArabAZ -a eksklüziv olaraq bildiriblər. Rəsmi Ər-Riyad iki qardaş ölkə arasındakı bağların qlobal və regional müstəvidə nümunəvi xarakter daşıdığını xüsusi vurğulayıb.
Krallığın Xarici İşlər Nazirliyindən verilən rəsmi bəyanatda ölkələr arasındakı siyasi dialoqun ən yüksək səviyyədə olduğu qeyd edilib və iki dövlət arasındakı bağların fundamental əsasları belə xarakterizə olunub.
“Krallıq Azərbaycanla olan əlaqələrini olduqca yüksək qiymətləndirir. Bu əlaqələr qardaş xalqların maraqlarına xidmət edir. Bizim siyasi əlaqələrimiz sadəcə diplomatik münasibətlər deyil, sarsılmaz tərəfdaşlıq və qardaşlıq üzərində qurulub. Səudiyyə Ərəbistanı hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib.”-deyə nazirlikdən verilən açıqlamada deyilir.
Nazirlik həmçinin əlavə edib ki, iki ölkənin beynəlxalq platformalarda nümayiş etdirdiyi ortaq mövqe qlobal təhlükəsizliyə mühüm töhfə verir. Birləşmiş Millətlər Təşkilatı (BMT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilində nümayiş etdirilən qarşılıqlı dəstək bu sarsılmaz və rəsmi birliyin ən bariz və sarsılmaz nümunəsidir.
XİN-dən verilən bəyanatda o da vurğulanıb ki, strateji tərəfdaşlıq səviyyəsi təkcə siyasi müstəvi ilə məhdudlaşmır, həm də irimiqyaslı iqtisadi, energetika və investisiya layihələrini əhatə edir.
“Səudiyyə Ərəbistanının nəhəng şirkətlərinin Azərbaycandakı yaşıl enerji, infrastruktur və kənd təsərrüfatı layihələrində iştirakı iki ölkə arasındakı rəsmi əməkdaşlığı daha da gücləndirir”-deyə nazirliyin açıqlamasında deyilir.

