İspaniyanın müdafiə və aerokosmik şirkəti “Airtificial”, Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) ilə “Hürjet” təlim təyyarəsi üçün uçuş idarəetmə rəhbərlərinin (stick) istehsalına dair dəyəri 16 milyon avronu keçən bir müqavilə imzalayıb. Razılaşma çərçivəsində istehsal olunacaq sistemlər, İspaniya Hava və Kosmos Qüvvələrinin inventarındakı F-5 təyyarələrini əvəz edəcək “Hürjet” proqramında istifadə ediləcək.
ArabAZ xəbər verir ki, çatdırılmalar növbəti beş il ərzində mərhələli şəkildə həyata keçiriləcək. “Airtificial” daha əvvəl daha kiçik miqyaslı müqavilələrlə “Hürjet” üçün bənzər sistemlər hazırladığını və yeni razılaşma ilə birlikdə ilk çatdırılmalara başladığını elan edib. İspaniya Müdafiə Nazirliyi isə TUSAŞ və “Airbus” tərəfdaşlığı ilə 30 ədəd qabaqcıl təlim təyyarəsi tədarük etməyi planlaşdırır; proqramın büdcəsi 2,6 milyard avrodur və ilk çatdırılmaların 2028-ci ildə başlaması nəzərdə tutulur.
Sevilyadakı müəssisələrdə istehsal olunacaq uçuş idarəetmə rəhbərləri “fly-by-wire” texnologiyası və qabaqcıl elektron sistemləri ehtiva edir. Kritik əhəmiyyətə malik bu komponentlər fərqli əməliyyat rejimlərində çalışaraq uçuş təhlükəsizliyini təmin edir və beynəlxalq sertifikatlaşdırma standartlarına cavab verir. Müqavilə “Airtificial” şirkətinin müdafiə sahəsindəki mühüm layihələrindən biri kimi ön plana çıxarkən, şirkətin qlobal tədarük zəncirindəki mövqeyini də gücləndirir.

