Amerikalı aktrisa Syuzan Sarandon Fələstinə açıq dəstəyinin Hollivudda film rollarını itirməsinə səbəb olduğunu bildirib.
ArabAZ xəbər verir ki,79 yaşlı “Oskar” mükafatlı aktrisa Venesiya Film Festivalında yeni filmi “The Echo Chamber”i təqdim edərkən bu barədə danışıb. Sarandon bildirib ki, son vaxtlar bəzi filmlərdəki rollarını itirib və bir sıra agentliklər prodüserlərə onu işə götürməməyi tövsiyə edir.
Aktrisanın sözlərinə görə, ABŞ ictimaiyyətində İsrailə münasibət dəyişsə və Fələstin məsələsinə dair məlumatlılıq artsa da, Hollivudun müəyyən dairələrində ona qarşı münasibət hələ də dəyişməyib. Sarandon ABŞ-ın İsrailə göstərdiyi maliyyə dəstəyinin miqyasının bir çox insan üçün yalnız son illərdə aydınlaşdığını deyib.
Sarandon 2023-cü ildə Fələstin tərəfdarı aksiyalarda səsləndirdiyi fikirlərdən sonra uzun müddət əməkdaşlıq etdiyi “United Talent Agency” tərəfindən təmsil olunmaqdan məhrum edilib. Aktrisa həmin vaxtdan etibarən Fələstin məsələsində mövqeyinə görə peşəkar çətinliklərlə üzləşdiyini bildirir.
Sarandon Venesiya Film Festivalında rejissor Andrea Pallauronun ona xəbərdarlıqlara baxmayaraq “The Echo Chamber” filmində rol verdiyini də qeyd edib. Film festivalın əsas müsabiqəsində “Qızıl Şir” mükafatı uğrunda mübarizə aparan 21 ekran işindən biridir.