Qəzza Kino Akademiyası Fələstində kino təhsili, peşəkar hazırlıq və film istehsalı üçün davamlı platforma yaratmaq məqsədilə Venesiya Film Festivalında fəaliyyətə başlayıb.
ArabAZ xəbər verir ki,akademiyanın yaradıcıları fələstinli rejissorlar İzzəddin Şalh və Mai Masridir. Layihəyə Ramy Youssef, Kauser Ben Hania, Annemarie Jacir, Hiam Abbass və Saleh Bakri də daxil olmaqla bir sıra tanınmış kino xadimləri dəstək verib.
Akademiyanın fəaliyyəti artıq başlayıb. Mart ayında 25 gənc fələstinli qadının iştirak etdiyi doqquz aylıq Qəzza Film İstehsalı Diplom Proqramına start verilib. Proqram nəzəri təhsillə yanaşı, praktiki film çəkilişi üzrə hazırlığı da əhatə edir.
Akademiya gələcəkdə Əl-Qüds Açıq Universiteti tərəfindən akkreditasiya oluna biləcək kino ixtisasının yaradılması üzərində də çalışır. Bununla yanaşı, fələstinli kinorejissorların beynəlxalq film festivalları və mədəniyyət təşkilatları ilə əlaqələrinin genişləndirilməsi planlaşdırılır.
Akademiyanın həmtəsisçisi İzzəddin Şalh bildirib ki, Qəzzada kino yalnız incəsənət vasitəsi deyil, həm də yaddaşın qorunması, insanların öz hekayələrini danışması və yeni nəslin bu imkanlara sahib olması üçün mühüm vasitədir.