Olimpiya məşəli şənbə günü Seneqalın paytaxtı Dakarda musiqi və rəqslərlə qarşılanıb. 100 qadının iştirak etdiyi təntənəli yürüş Afrikada ilk dəfə keçiriləcək Olimpiya idman tədbirinə doğru gerisayımı başladıb. Yüzlərlə insan gələn ay start götürəcək Yeniyetmələrin Yay Olimpiya Oyunları öncəsi məşəli salamlamaq üçün Atlantik okeanına baxan və Afrika ilə onun diasporunun görkəmli simalarının portretləri ilə əhatə olunmuş "Place du Souvenir Africain" meydanına toplaşıb.
ArabAZ xəbər verir mi, məşəli daşıyan qadınlar Seneqalın əsas dillərindən biri olan volof dilində kraliçalara verilən "linger" titulu ilə adlandırılıb. Ənənəvi narıncı və qızılı libaslar, sarı çalmalar geyinmiş qadınlar Seneqal qadınlarını və nəsillər arasındakı dəyərlərin ötürülməsini tərənnüm edən yürüşlə məşəli meydana gətiriblər. Təntənəli mərasimdə Olimpiya qazanını Seneqalın basketbol əfsanəsi Mam Mati Mbenq alovlandırıb.
Mərasimdə çıxış edən Beynəlxalq Olimpiya Komitəsinin zimbabveli rəhbəri Kirsti Koventri bu tədbirin Seneqal və bütövlükdə Afrika qitəsi üçün böyük qürur anı olduğunu vurğulayıb. O, toplaşanlara müraciət edərək bildirib: "Bir neçə həftə sonra Seneqala gələcək hər kəs buradan Afrikanın və Seneqalın nə qədər bacarıqlı və qarşısıalınmaz olduğunu, gənc nəslimizin isə dünyanı dəyişməyə qadir olduğunu anlayaraq ayrılacaq".
Olimpiya ənənələrinə uyğun olaraq Yunanıstanın paytaxtı Afinada parabolik güzgü və günəş şüaları vasitəsilə alovlandırılan məşəl "Panatinaikos" stadionunda Seneqala təhvil verildikdən sonra cümə axşamı Afrikaya doğru yola çıxarılmışdı. Məşəl bazar ertəsi günü Seneqal üzrə 3.600 kilometrlik estafetə başlayacaq və paytaxtdakı rəsmi açılış mərasiminə qayıtmazdan əvvəl 400-dən çox seneqallı məşəlçinin müşayiəti ilə ölkənin 14 regionunun hamısından keçəcək.
31 oktyabr - 13 noyabr tarixlərində keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunları Dakarla yanaşı, yaxınlıqdakı Dyamnyadyo və Sali şəhərlərində 35 idman növü üzrə mübarizə aparacaq təxminən 2.700 gənc idmançını bir araya gətirəcək. İlk dəfə 2010-cu ildə Sinqapurda təşkil olunan Yeniyetmələr Olimpiadası 15-18 yaş arası idmançılar üçün nəzərdə tutulmuş mötəbər yarış hesab olunur.