Qətər Mərkəzi Bankı (QCB) bazar ertəsi "Gulf Payments Company" (GPC) tərəfindən idarə olunan regional "AFAQ" ödəniş sisteminə rəsmən qoşulduğunu bəyan edib. Bununla da Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan bütün dövlətlərin mərkəzi banklarının sözügedən platformada təmsilçiliyi tamamlanıb və region ölkələri arasında maliyyə-valyuta inteqrasiyası yeni mərhələyə qədəm qoyub.
ArabAZ xəbər verir ki, sistemə Qətərin üç aparıcı kommersiya bankı - "Doha Bank", "Qatar International Islamic Bank" (QIIB) və "Dukhan Bank" da inteqrasiya olunub. Bu maliyyə institutları ölkə daxilində "AFAQ" sisteminə qoşulan ilk kommersiya bankları olub. Beləliklə, KƏŞ məkanında sistemdə iştirak edən maliyyə qurumlarının ümumi sayı 74-ə yüksəlib.
Qətər Mərkəzi Bankının bu addımı Körfəz ödəniş ekosisteminin inkişafında mühüm tarixi mərhələ hesab olunur; bütün KƏŞ mərkəzi banklarının vahid şəbəkədə birləşməsi regional ödəniş infrastrukturunun bağlantısını əhəmiyyətli dərəcədə gücləndirir. Yeni mexanizm sərhədlərarası maliyyə köçürmələrinin və kommersiya ödənişlərinin daha yüksək sürətlə, aşağı xərclə və maksimum təhlükəsizliklə icrasına zəmin yaradır.
Bu təşəbbüs KƏŞ ölkələrinin ticarət dövriyyəsini, biznes fəaliyyətini və qarşılıqlı investisiya axınlarını stimullaşdıran regional ödəniş həllərinin inkişafı üzrə birgə strategiyasının tərkib hissəsidir. Layihə üzv dövlətlər arasında hərtərəfli iqtisadi və maliyyə inteqrasiyasını dərinləşdirmək məqsədinə xidmət edir.
Gələcək mərhələdə sistemin təqdim etdiyi xidmətlərin genişləndirilməsi ilə paralel olaraq digər kommersiya banklarının da "AFAQ" platformasına cəlb edilməsi planlaşdırılır. Bu transformasiya vahid, yüksək səmərəli Körfəz maliyyə zonasının qurulması və dövlətlərin uzunmüddətli iqtisadi tərəfdaşlıq hədəflərinin gerçəkləşdirilməsi istiqamətində növbəti qətiyyətli addımdır.