İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-nin ölkəsinə qarşı “hərbi təcavüzünün” davam etdiyini bildirib. O, Vaşinqtonun iqtisadi tədbirlərini və tətbiq etdiyi “blokadanı” da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirib.
ArabAZ xəbər verir ki, İsmayıl Bəqai açıqlamasında mövcud vəziyyətin “qarşıdurma” kimi təqdim edilməsinə etiraz edib. Onun sözlərinə görə, İran ABŞ-nin hərbi əməliyyatlarına qarşı özünü müdafiə edir.
“Biz özümüzü müdafiə etmişik. İranı ABŞ-nin hərbi təcavüzündən qorumuşuq və bu təcavüz indiyədək davam edir”, – Bəqayi bildirib.
İran XİN sözçüsü Tehranın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malik olduğunu vurğulayıb.
“Onların hərbi təcavüzü davam etdiyi müddətdə ərazi bütövlüyümüzü və milli suverenliyimizi müdafiə etməkdən başqa seçimimiz yoxdur”, – Bəqayi deyib.
O əlavə edib ki, Tehran milli təhlükəsizliyini və maraqlarını qorumaq üçün diplomatiya da daxil olmaqla bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır.