İraq Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Diyala vilayətinin şərqində İŞİD terrorçularının istifadə etdiyi sığınacağı məhv edib.
ArabAZ xəbər verir ki, İraqın Təhlükəsizlik Media Qrupunun məlumatına əsasən, F-16 qırıcıları Narin bölgəsində yerləşən sığınacağa iki raketlə dəqiq zərbə endirib.
İraq ordusu iyulun sonunda Kərkük vilayətinin Zeytun vadisində İŞİD-ə aid olduğu ehtimal edilən altı sığınacağın da hava zərbələri nəticəsində məhv edildiyini açıqlamışdı. Əməliyyatda xüsusi təyinatlı qüvvələrin hava-desant qrupu iştirak etmişdi.
İŞİD 2014-cü ildə İraq və Suriyanın geniş ərazilərini ələ keçirmiş, nəticədə beş milyondan çox iraqlı öz yaşayış yerini tərk etmək məcburiyyətində qalmışdı. İraq 2017-ci ilin sonunda ölkə ərazilərinin terror təşkilatından tam azad edildiyini bildirsə də, təhlükəsizlik qüvvələri qruplaşmanın qalıqlarına qarşı əməliyyatları davam etdirir.