Bakı,AzerVoice
İnqilab Keşikçiləri Qvardiyasından olan deputatlar və Qravdiyanın rəsmiləri nüvə doktrinasına yenidən baxılmasının mümkünlüyünə eyham vursalar da, İran prezidenti İbrahim Rəisi ölkəsinin nüvə silahına sahib olmaq istəmədiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, ölkə prezidenti Raisi İranda birmənalı qarşılanmayaq açıqlama verərək, “Tehran nüvə silahına sahib olmağı planlaşdırmır, çünki Ali Rəhbər Əli Xamenei bunu qadağan edən fətva verib”-deyə bildirib.
Qeyd edək ki, iki həftə əvvəl İranın “nüvə” obyektlərinin qorunmasına cavabdeh olan rəsmi vasitəsilə Tehran bu obyektlər İsrailin hücumlarına məruz qalacağı təqdirdə öz doktrinasına və nüvə siyasətinə yenidən baxacağı ilə hədələmişdi.
Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, iranlı deputat Cavad Kərimi Qudusi ötən bazar ertəsi “X” platformasında yazıb ki, ölkəsi “bir həftə ərzində ilk nüvə sınağını keçirə bilər”.
Bununla belə, İran prezidenti vurğulayıb ki, “Tehranın nüvə doktrinasına nüvə silahı istehsal etmək qətiyyən daxil deyil və İranın nüvə texnologiyasından istifadəsi dinc məqsədlidir”.
Məlumat üçün bildirək ki, İran uzun aylardır Natanz və Fordo obyektlərində uranı 60 faiz zənginləşdirir. Beynəlxalq müfəttişlər ötən ilin yanvarında 84 faizə qədər uran hissəcikləri aşkar ediblər, lakin Tehran bunun “texniki xəta” ilə bağlı olduğunu bildirib.