Səudiyyə Ərəbistanı özəl sektorda hazırda xaricdəki şirkətlər tərəfindən həyata keçirilən autsorsinq xidmətlərinin ölkə daxilində yerli xidmət təminatçılarına qaytarılması imkanlarını araşdırır.
ArabAZ xəbər verir ki,Səudiyyə Ticarət Palataları Federasiyasının baş katibi Sultan Əl-Müsəlləm bildirib ki, araşdırma autsorsinq xidmətlərinin ölkəyə qaytarılması və bu sahədə yerli şirkətlərin imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Araşdırma Dubayda keçirilən AIM Congress çərçivəsində aparılan müsahibə zamanı açıqlanıb.
Autsorsinq sektoruna informasiya texnologiyaları, çağrı mərkəzləri, mühasibatlıq, insan resurslarının idarə olunması, məlumatların təhlili, əməliyyat və texniki xidmətlər, eləcə də konsaltinq kimi sahələr daxildir.
Məlumata görə, bu fəaliyyətlərin Səudiyyə Ərəbistanında lokallaşdırılması müxtəlif səviyyələrdə yeni iş yerlərinin yaradılmasına, bilik və texnologiya transferinə, həmçinin ölkənin əməliyyat müstəqilliyinin gücləndirilməsinə imkan verə bilər.
Səudiyyə Ərəbistanı bu ilin ilk rübündə peşəkar və idarəetmə konsaltinq xidmətlərinin idxalına təxminən 8 milyard riyal (2,13 milyard dollar) xərcləyib. Bu göstərici ölkənin xarici xidmətlərdən asılılığının miqyasını nümayiş etdirir.
Hazırda aparılan araşdırmada şirkətlərin xarici xidmət təminatçılarına üstünlük verməsinin səbəbləri də qiymətləndirilir. Bunlara xidmətlərin keyfiyyəti, daha aşağı xərclər, ixtisaslaşmış mütəxəssislərin mövcudluğu və xidmətlərin daha sürətli göstərilməsi daxildir. Şirkətlərin növbəti 12-24 ay ərzində bu xidmətləri yerli təminatçılara ötürməyə nə dərəcədə hazır olduğu da araşdırılır.
Əl-Müsəlləm bildirib ki, Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər özəl sektorun ümumi daxili məhsuldakı payını 65 faizə çatdırmağı hədəfləyir. Hazırda bu göstərici təxminən 52 faizdir.
Autsorsinq xidmətlərinin lokallaşdırılması qarşısında bir sıra çətinliklərin olduğu da qeyd edilir. Bunlara ölkə daxilində ixtisaslaşmış kadr çatışmazlığı, yerli xidmətlərin nisbətən yüksək qiyməti, keçid dövründə xidmətlərin pozulması riski, məlumatların miqrasiyasının mürəkkəbliyi və xarici şirkətlərlə eyni miqyasda xidmət göstərə bilən yerli təminatçıların azlığı daxildir.
Bu təşəbbüs Səudiyyə Ərəbistanında yerli məzmunun artırılması siyasəti ilə də əlaqələndirilir. Apreldə Yerli Məzmun və Hökumət Satınalmaları İdarəsi inzibati konsaltinq və informasiya texnologiyaları xidmətləri üzrə tenderlərdə yerli məzmun göstəricisinin maliyyə qiymətləndirilməsində nəzərə alınması mexanizmini tətbiq edib.
Yeni qaydalara əsasən, 2027-ci ilin aprelindən dəyəri 10 milyon riyal və daha çox olan inzibati konsaltinq tenderlərində minimum 30 faiz yerli məzmun tələbi tətbiq ediləcək. 2028-ci ilin yanvarından isə bu tələb 5 milyon riyal və daha yüksək dəyərə malik tenderlərə də şamil olunacaq.