Livan təhlükəsizlik orqanları cümə günü Bəqa vadisində keçirdikləri xüsusi əməliyyat nəticəsində narkotik vasitələrdən istifadə və onların qanunsuz saxlanmasında şübhəli bilinən üç nəfəri cinayət başında yaxalayıblar.
ArabAZ xəbər verir ki, təhlükəsizlik mənbəsinin "Əş-Şərq əl-Əvsət" qəzetinə verdiyi məlumata görə, Livan ordusunun kəşfiyyat patrulu Bəqa bölgəsinin Əl-Ayn qəsəbəsində yerləşən narkotik yuvasına reyd təşkil edib. Reyd zamanı keçmiş Suriya prezidenti Bəşşar Əsədin əmisi nəvəsi Süleyman Hilal əl-Əsəd, eləcə də iki Livan vətəndaşı saxlanılıb. Saxlanılan livanlılardan birinin narkotik alverinə görə hazırda Livan ədliyyəsi tərəfindən həbsdə saxlanılan Nuh Züeytərin oğlu olduğu bildirilir.
Mənbə qeyd edib ki, əməliyyat qrupu saxlanılan şəxsləri Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinə təhvil verib və səlahiyyətli məhkəmə orqanlarının nəzarəti altında ilkin istintaq tədbirlərinə başlanılıb.
Eyni zamanda təhlükəsizlik rəsmisi yayılan bəzi iddiaları təkzib edərək, Süleyman əl-Əsədin Suriya orqanları tərəfindən axtarışda olmadığını və Suriya ordusunda briqada generalı rütbəsi daşıması barədə məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb. Mənbə onun mülki şəxs və gənc olduğunu, hadisənin bütün təfərrüatlarının aparılan rəsmi istintaq nəticəsində tam aydınlaşacağını bildirib.