Suriyanın paytaxtı Dəməşqdə səhiyyə sisteminin bərpası, tibbi təhsilin yenilənməsi və səhiyyə sahəsində rəqəmsal texnologiyalardan istifadəyə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
ArabAZ xəbər verir ki,Dəməşq Universitetində keçirilən tədbir Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi ilə “Atlantic Humanitarian Relief” təşkilatının əməkdaşlığı çərçivəsində təşkil olunub. Konfransda səhiyyə mütəxəssisləri və alimlər iştirak edib.
Müzakirələr zamanı səhiyyə kadrlarının hazırlanması, tibbi təhsilin yenilənməsi, xəstəxanaların fəaliyyəti, elmi innovasiyalar və rəqəmsal səhiyyənin inkişafı məsələləri nəzərdən keçirilib. Tədbirin sonunda səhiyyə sektorunun qarşıdakı dövr üçün prioritetlərinin müəyyənləşdirilməsi və dayanıqlı tərəfdaşlıqların inkişafı ilə bağlı müzakirələrin aparılması planlaşdırılıb.
Ali Təhsil və Elmi Tədqiqatlar naziri Mərvan əl-Hələbi tibbi təhsilin ənənəvi kurikulum və təhsil müddətinə əsaslanan modeldən səriştə, məsuliyyət və etimadı önə çıxaran sistemə keçirilməsinin planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, bu keçid bakalavr təhsilindən klinik hazırlığa, rezidentura və ixtisaslaşmadan davamlı tibbi təhsilə qədər bütün mərhələlərin yenidən qurulmasını tələb edir.
Dəməşq Universitetinin rektoru Mustafa Saim əl-Dəhr isə müasir texnologiyaların elmi tədqiqat və tibbi hazırlıq prosesinə inteqrasiyasının vacibliyini vurğulayıb. O qeyd edib ki, universitetin səhiyyəyə töhfəsi yalnız akademik proqramlar və müasir laboratoriyalarla məhdudlaşmır, universitet xəstəxanalarında minlərlə tibbi və diaqnostik xidmət də göstərilir.
“Atlantic Humanitarian Relief” təşkilatının direktoru Humam Əkbik konfransın səhiyyə sektorunun qarşılaşdığı problemləri və elmi innovasiyaları birgə nəzərdən keçirmək, həmçinin ölkənin səhiyyə sisteminin inkişafı üçün yeni yanaşmalar müəyyənləşdirmək baxımından əhəmiyyətli olduğunu bildirib.