Səudiyyə Ərəbistanında qeyri-neft iqtisadi fəaliyyətləri 2026-cı ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb. Bu dövrdə ölkənin real ümumi daxili məhsulu (ÜDM) 4,7 faiz azalıb.
ArabAZ xəbər verir ki,Səudiyyə Ərəbistanının Baş Statistika İdarəsinin (GASTAT) məlumatına görə, ikinci rübdə həm qeyri-neft, həm də dövlət fəaliyyətləri illik müqayisədə 0,9 faiz artıb. Neft sektoru isə 24,8 faiz geriləyərək ümumi iqtisadi göstəriciyə ciddi mənfi təsir göstərib.
Neft fəaliyyətləri ikinci rübdə real ÜDM-in artımına 5,4 faiz bəndi mənfi təsir göstərib. Qeyri-neft fəaliyyətlərinin töhfəsi isə 0,6 faiz bəndi müsbət olub. Dövlət fəaliyyəti və məhsullara tətbiq olunan xalis vergilər də real ÜDM-ə müvafiq olaraq 0,1 faiz bəndi müsbət təsir göstərib.
Qeyri-neft sektorunun müxtəlif sahələrində də artım qeydə alınıb. İcma, sosial və şəxsi xidmətlər ikinci rübdə illik ifadədə 4,1 faiz artaraq qeyri-neft sektorunun ən yüksək göstəricisini nümayiş etdirib. Maliyyə, sığorta və biznes xidmətləri 3,3 faiz, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq 2,6 faiz, daşınmaz əmlak fəaliyyəti isə 1,6 faiz artıb.
Neft emalı istisna olmaqla istehsal sənayesi 0,9 faiz, tikinti sektoru 0,7 faiz, nəqliyyat, anbar təsərrüfatı və kommunikasiya sahələri isə 0,9 faiz böyüyüb.
Rüblük müqayisədə Səudiyyə Ərəbistanının real ÜDM-i mövsümi amillər nəzərə alınmaqla 4,8 faiz azalıb. Bu müddətdə neft fəaliyyətləri 21,6 faiz, qeyri-neft fəaliyyətləri isə 0,4 faiz geriləyib.
Xərclər baxımından hökumətin son istehlak xərcləri illik müqayisədə 5 faiz artıb. Ümumi əsas kapital formalaşması 2,7 faiz, özəl son istehlak xərcləri isə 0,8 faiz yüksəlib. Xarici ticarətdə isə ixrac 24,6 faiz, idxal 14,8 faiz azalıb.
Qeyri-neft sektorunda artım Səudiyyə Ərəbistanının iqtisadiyyatın neft gəlirlərindən asılılığını azaltmaq və iqtisadi şaxələndirməni sürətləndirmək siyasətinin fonunda baş verir. İqtisadiyyatın gələcək artım perspektivləri də əsasən qeyri-neft sektorunun dayanıqlılığı və daxili tələbin vəziyyəti ilə əlaqələndirilir.