İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa
Suriya Prezidenti Əhməd əş-Şəra bildirib ki, Dəməşq bir sıra ölkələrin iştirakı ilə İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində çalışır. Onun sözlərinə görə, bu razılaşma Suriyanın işğal altında olan Colan təpələrinə dair hüquqlarına xələl gətirmədən daha geniş sülh prosesinə zəmin yarada bilər.
Pakistanla sərhəd ticarətinin genişlənməsi təhlükəsizliyi möhkəmləndirəcək - İran
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Pakistanla sərhəd ticarətinin və iqtisadi əməkdaşlığın genişləndirilməsi hər iki ölkədə təhlükəsizliyi gücləndirəcək və iqtisadi artıma töhfə verəcək. Cümə günü Pakistana üçgünlük səfərdən qayıtdıqdan sonra danışan Qalibaf açıqlamalar verib. “Əgər sərhəd bazarları inkişaf etdirilsə və Pakistanla ticarət canlansa, iki ölkə arasında mövcud olan təhlükəsizlik və sərhəd problemlərinin böyük bir hissəsi aradan qalxacaq. Çünki sərhədlər qanuni və genişmiqyaslı iqtisadi fəaliyyət mərkəzinə çevrildikdə qaçaqmalçılıq və təhlükəsizlik problemləri minimuma enir.” - deyə Qalibaf qeyd edib.
Suriya İsraillə təhlükəsizlik müqaviləsi xəbərlərini inkar edib
Suriya Xarici İşlər Nazirliyi sentyabrın 25-də İsraillə təhlükəsizlik müqaviləsi imzalanacağına dair yayılan xəbərləri rədd edib. Nazirliyin Media Departamentinin Koordinasiya və Kommunikasiya İdarəsi iki tərəf arasında hər hansı təhlükəsizlik sazişinin imzalanması ilə bağlı iddiaları inkar edib. Bununla yanaşı, Suriyanın xarici işlər naziri Əsəd Əl-Şabani Parisdə İsrail nümayəndə heyəti ilə görüşərək regionda sabitliyin möhkəmləndirilməsi, gərginliyin azaldılması və Sveyda əyalətində atəşkəsin monitorinqi kimi məsələləri müzakirə edib. Qeyd edək ki, bu açıqlama Suriya və İsrail arasında ABŞ-ın himayəsi altında təhlükəsizlik sazişi imzalanacağına dair iddiaların yayılmasından sonra verilib.