İspaniya Baş nazirinin həyat yoldaşı nədə ittiham olunur?
İspaniya Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqona Qomesə qarşı iki il davam edən korrupsiya araşdırması məhkəmə mərhələsinə keçib. Baş nazir baş verənləri "siyasi əməliyyat" adlandırıb. İspaniya məhkəməsi Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqona Qomes barəsində hazırlanan ittihamnaməni qəbul edib. Qomesə qarşı mənimsəmə, kommersiya əməliyyatlarında korrupsiya və dövlət vəsaitlərindən qanunsuz istifadə daxil olmaqla 4 ayrı maddə üzrə ittiham irəli sürülüb. Hakim Xuan Karlos Peinado bildirib ki, Qomesin Madrid Komplutense Universitetində çalışdığı dövrdə baş nazir həyat yoldaşı statusundan istifadə edərək bəzi şirkətlərə qanunsuz imtiyazlar tanıdığına dair kifayət qədər sübut mövcuddur.