Yəməndə müharibənin yenidən alovlanması qorxusu artır
Yəməndə husilərin hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirməsi ölkədə uzunmüddətli müharibənin yenidən alovlanacağı ilə bağlı narahatlıqları artırıb. Ölkədə on ildən artıq davam edən və on minlərlə insanın ölümünə, milyonlarla şəxsin didərgin düşməsinə səbəb olan vətəndaş müharibəsindən sonra 2022-ci ildə əldə edilən atəşkəs nisbi sakitlik yaradıb. Lakin son həftələrdə qarşıdurmaların yenidən şiddətlənməsi əhalidə müharibə qorxusunu artırıb.
Ərəb Liqası husilərin Səudiyyə Ərəbistanı və Yəməndəki hücumlarını pisləyib
Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Fəhmi husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə və Yəmənin Mərib və Hədrəmaut vilayətlərində hökumət qüvvələrinə qarşı hücumlarını pisləyib. O bildirib ki, bu hücumlar regionun təhlükəsizliyi və sabitliyini təhdid edir, gərginliyin azaldılması imkanlarını zəiflədir. Ərəb Liqası Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edərək hücumların dayandırılmasına və siyasi dialoqa qayıdılmasına çağırıb.
ABŞ səfirliyi husilərin Mərib və Hədrəmautdakı hücumlarını pisləyib
ABŞ-ın Yəməndəki səfirliyi husilərin Mərib və Hədrəmautdakı hücumlarını "qorxaq hücumlar" adlandıraraq pisləyib. Diplomatik missiya həlak olan Yəmən hərbçilərinin ailələrinə başsağlığı verib və bu hücumları Yəmən xalqına qarşı terrorun növbəti nümunəsi kimi qiymətləndirib. Səfirlik bildirib ki, belə hücumlar ölkədə sabitliyin bərpasına yönəlmiş səylərə zərbə vurur. Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Yəməndə düşərgələrə raket və PUA hücumu - çoxsaylı itki olduğu bildirilir
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin Fövqəladə Hallar Qüvvələri Mərib və Hədrəmautdakı düşərgələrinə raket və PUA hücumu edildiyini açıqlayıb. Hücumların husilər tərəfindən həyata keçirildiyi ehtimal olunur. Hadisə nəticəsində çoxsaylı ölən və yaralananların olduğu, həmçinin ciddi maddi ziyanın dəydiyi bildirilir. Yəməndə 2022-ci ildən davam edən nisbi sakitliyə baxmayaraq, son həftələr döyüşlər yenidən intensivləşib.