İsrailin yeni torpaq qərarları yüzlərlə fələstinli ailəyə təsir edə bilər
“Amnesty International” İsraili İordan çayının qərb sahilində ilhaq siyasətini genişləndirməkdə ittiham edib. Təşkilat İsrailin ilk dəfə Fələstin Administrasiyasının nəzarətində olan “A” bölgəsində mülki məqsədlərlə torpaqların müsadirəsinə qərar verdiyini bildirir. İyul ayında Cenin vilayətində ən azı 15 müsadirə qərarının imzalandığı qeyd olunur. Qərarlar ümumilikdə təxminən 200 dönüm ərazini əhatə edir. Təşkilata görə, məqsəd planlaşdırılan iki İsrail yaşayış məntəqəsini birləşdirməkdir. Müsadirə ediləcək torpaqların böyük hissəsinin şəxsi mülkiyyətdə olduğu bildirilir. Yüzlərlə fələstinli ailənin kənd təsərrüfatı sahələrinə çıxışının məhdudlaşa biləcəyi vurğulanır. “Amnesty International” dövlətləri bu pozuntulara töhfə verən əməkdaşlığı dayandırmağa çağırıb.
Ramallah yaxınlığındakı fələstin kəndinin torpaqlarının 98 faizi müsadirə edilib
İsrailli məskunlaşanların Ramallahın qərbindəki Ümm əs-Səfa kəndinin torpaqlarının böyük hissəsini ələ keçirdiyi bildirilir. Kəndin ümumilikdə 4 min 800 dönüm torpağının 4 min 700 dönümdən çoxunun müsadirə edildiyi qeyd olunur. Bu, kənd ərazisinin təxminən 98 faizinə bərabərdir. Məskunlaşanlar müxtəlif məntəqələri birləşdirəcək yolun çəkilməsi üçün fələstinlilərə məxsus torpaqları hamarlamağa başlayıblar. Yerli sakinlərin dolanışığı üçün mühüm əhəmiyyət daşıyan zeytun ağaclarının kökündən çıxarıldığı bildirilir. Kənd sakinlərinin qəbiristanlığa girişinə də mane olunduğu iddia edilir. Son bir neçə ayda kəndin torpaqlarında altı məskunlaşma məntəqəsinin yaradıldığı bildirilir. Yeni məntəqələrin salınması üçün əlavə ərazilərdə də hazırlıq işlərinin aparıldığı qeyd olunur.