Əbu-Dabi Beynəlxalq Kitab Sərgisi BƏƏ-nin mədəni və ədəbi həyatına verdiyi töhfələrə görə Məhəmməd Əl-Murru yeni “Emirati Pioneers” təşəbbüsünün ilk fəxri qonağı seçib.
xəbər verir ki,35-ci Əbu-Dabi Beynəlxalq Kitab Sərgisi sentyabrın 13-dən 18-dək keçiriləcək. Tədbir çərçivəsində Məhəmməd Əl-Murrun milli irsin qorunması, gənc nəsildə ərəb dilinə bağlılığın gücləndirilməsi və mədəniyyət institutlarının inkişafındakı fəaliyyəti diqqət mərkəzində olacaq.
Sərgidə Əl-Murrun həyat və fəaliyyətinə həsr olunmuş xüsusi divar kompozisiyası hazırlanacaq, onun nəşrləri və nadir kolleksiyalarının nümayiş etdiriləcəyi pavilyon yaradılacaq. Həmçinin onun karyerasından bəhs edən sənədli film ərəb və ingilis dillərində nümayiş olunacaq.
Məhəmməd Əl-Murr BƏƏ-nin tanınmış yazıçı, jurnalist və mədəniyyət xadimlərindən biridir. O, 12 hekayə toplusunun müəllifidir. Onun jurnalist məqalələri də bir neçə kitabda toplanıb və həmin nəşrlərdən ikisi BƏƏ universitetlərində tədris proqramlarına daxil edilib.
Əl-Murr müxtəlif mədəniyyət qurumlarında rəhbər vəzifələrdə çalışıb. O, 1987-ci ildə yaradılmış Mədəni və Elmi Assosiasiyaya rəhbərlik edib, 2004-cü ildə Dubay Mədəniyyət Şurasının başında olub və 2008-ci ildə Dubay Mədəniyyət və İncəsənət Qurumunun yaradılmasında iştirak edib.
O, həmçinin “Gulf Times” və “Al Bayan” qəzetlərinin baş redaktoru vəzifəsində çalışıb. Əl-Murr nadir əlyazmalar, incəsənət nümunələri və müasir ərəb xəttatlığı kolleksiyaları ilə maraqlanır, həmçinin BƏƏ və Omanın poçt xidmətlərinin tarixini sənədləşdirir.
“Emirati Pioneers” təşəbbüsü görkəmli əmirlikli şəxsiyyətlərin təcrübəsinin sənədləşdirilməsi və onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması məqsədi daşıyır. Təşəbbüs çərçivəsində dialoq, nəşr, sənədləşdirmə və vizual layihələrdən istifadə olunacaq.