İraq hökuməti korrupsiya araşdırmaları çərçivəsində həbs siyahısına salınan bəzi şəxslərə güzəşt edilməsi barədə İranın müraciətlərini rədd edib. İki rəsmi mənbənin verdiyi məlumata görə, Bağdad rəsmi Tehrana xəbərdarlıq edərək, Bağdadda mütəmadi olaraq gizli görüşlər keçirən İran rəsmilərinin səfərlərinin yalnız rəsmi diplomatik kanallarla nizamlanmasını tələb edib.
Bu gərginlik İran Xarici İşlər Naziri Abbas İraqçinin iyunun 28-də Baş nazir Əli əz-Zeydi ilə keçirdiyi rəsmi görüşdən sonra, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanı İsmayıl Qaaniyə aid olduğu id edilən gizli Bağdad səfərinin ardınca yaşanıb. Qaarinin səfəri barədə rəsmi açıqlama verilməyib. Bu, onun Əli əz-Zeydinin 14 may 2026-cı ildə hökumət başçısı təyin edilməsindən bəri İraqa ilk səfəri sayılır.
Silah və korrupsiya siyahısı ətrafında rədd cavabı
Mənbələrin bildirdiyinə görə, iranlı rəsmilər İraq hökumətinin qanunsuz silahların yığılması üçün müəyyən etdiyi 30 sentyabr son tarixinə düzəlişlər edilməsinə çalışıblar. Eyni zamanda Tehran SEPAH ilə sıx əlaqələri olan iraqlı siyasətçi və hökumət rəsmilərinin adlarının həbs siyahısından çıxarılmasını istəyib. Lakin Bağdad bu planların dəyişdirilməyəcəyini İrana qəti şəkildə bildirib və gizli diplomatik təmaslara son qoyulmasını tələb edib.
İraq hökuməti hələlik mövzu ilə bağlı rəsmi şərh verməkdən boyun qaçırır. Ölkədə mərkəzi hökumətin silahı tam nəzarətə götürmək cəhdləri ilə İrana bağlı silahlı qruplaşmaların nüfuzu arasında illərdir gərginlik davam edir. Baş nazir Əli əz-Zeydi “Əş-Şərq Əl-Övsət” qəzetinə müsahibəsində ölkədə dövlətin silahından başqa heç bir silahın olmayacağına söz vermişdi.
Beynəlxalq öhdəliklər və gələcək şübhələr
Şiə ittifaqından olan keçmiş bir deputat qeyd edib ki, bu addımlar Bağdad-Tehran əlaqələrində tam köklü dönüş demək deyil. Onun fikrincə, İran və onun İraqdakı müttəfiqləri ABŞ-ın təzyiqlərini azaltmaq üçün müvəqqəti olaraq geri çəkilə bilərlər.
Bağdaddakı yüksəkvəzifəli bir siyasi müşavir isə bildirib ki, hökumət Tehrana İraqın beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərini pozacaq xahişlərin yerinə yetirilməsinin qeyri-mümkün olduğunu çatdırıb. Bağdad son vaxtlar ABŞ və Avropa ölkələri ilə çirkli pulların yuyulması və qanunsuz silahların qarşısının alınması ilə bağlı ciddi islahat müqavilələri imzalayıb. Bununla belə, müşavir İraqın qonşu İranla qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlığı qorumaqda maraqlı olduğunu da vurğulayıb.

