Qətərin Ədliyyə Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı Departamentinin məlumatına görə, mayın əvvəlindəki bir həftəlik dövr ərzində ölkədə daşınmaz əmlak ticarətinin ümumi həcmi 550 milyon Qətər riyalından (təxminən 151 milyon dollar) çox olub. “The Peninsula Qatar“ın xəbərinə görə, qeydə alınan əməliyyatların həcmi əmlak bazarının stabil artım tempini qoruduğunu göstərir.
ArabAZ xəbər verir ki, həftəlik bülletendə qeyd olunur ki, ticarət əməliyyatları həm boş torpaq sahələrini, həm də yaşayış binalarını, mənzilləri və kommersiya obyektlərini əhatə edib. Ən yüksək satış həcmi Doha, Əl-Rayyan və Əl-Dhaayen bələdiyyələrində qeydə alınıb. Xüsusilə Doha bələdiyyəsi strateji layihələri və yüksək dəyərli mülkləri ilə liderliyini qoruyub saxlayır.
Ekspertlər bu artımı Qətərin mənzil qanunvericiliyindəki islahatlar, xarici investorlar üçün yaradılan əlverişli şərait və ölkənin infrastruktur layihələrinin davamlılığı ilə əlaqələndirirlər. Bildirilir ki, daşınmaz əmlak sektoru Qətər Milli Vizyon 2030 (Qatar National Vision 2030) çərçivəsində iqtisadiyyatın diversifikasiyasında həlledici rol oynamağa davam edir.


