Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bazar günü gecə saatlarında Livan prezidenti Cozef Aundan telefon zəngi qəbul edib. ArabAZ xəbər verir ki, danışıqlar zamanı Livan və regiondakı son hadisələr, eləcə də təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi səyləri müzakirə olunub.
Aun Səudiyyə Ərəbistanının Livana qarşı nümayiş etdirdiyi mövqeyə və regionda sabitliklə sülhün bərqərar olması istiqamətindəki səylərə verdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib.
Telefon danışığı Ər-Riyadın Aunun prezidentliyinə, həmçinin Livanın dövlət təsisatlarının, suverenliyinin və sabitliyinin gücləndirilməsi səylərinə göstərdiyi davamlı siyasi dəstəyi bir daha vurğulayıb.
Səudiyyə Ərəbistanı Aunun Livan dövlətinin öz ərazisi üzərində hakimiyyətini bərpa etmək cəhdlərini dəstəkləyib. Eyni zamanda Tayif razılaşmasının, müvafiq beynəlxalq qətnamələrin tam icrasının və silahın yalnız Livan dövlətinin inhisarında olmasının vacibliyini qeyd edib.
Ər-Riyad həmçinin Livanın İsrail ilə hərbi əməliyyatları dayandırmaq və iki ölkə sərhədində sabitliyi bərpa etmək üçün danışıqlar yolunu tutmaq səylərini dəstəkləyib.
Aun münaqişəyə son qoymaq, İsrail qoşunlarının Livan ərazisindən çıxarılmasını təmin etmək və hərbi əməliyyatların davamlı şəkildə dayandırılmasına kömək edəcək razılaşmalar əldə etmək üçün İsrail ilə birbaşa danışıqlara çağırış edib.
Səudiyyə Ərəbistanı zorakılığa son qoyulması, Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün diplomatik səyləri ardıcıl olaraq dəstəkləyib.

