Azərbaycanda “Ya rayah” mahnısı əsl mənada bir dövrün simvoludur. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində bu mahnı ölkəmizdə inanılmaz dərəcədə populyarlaşdı. Rəşid Tahanın rok elementləri ilə zənginləşdirdiyi bu ritmik versiya radiolardan tutmuş toy və şənliklərə, maşın maqnitofonlarından böyük klublara qədər hər yerdə fasiləsiz səslənirdi.
Azərbaycan dinləyicisi bu mahnını o qədər doğma qəbul etdi ki, dilini bilməsə də, onun enerjisi və ritmi ilə bütöv bir nəsil böyüdü. Bu gün də hansısa məclisdə “Ya rayah” səslənəndə hər kəsdə xoş bir nostalji hissi oyanır və hər kəs bu ritmə dərhal reaksiya verir.
Ancaq bir çoxlarımız bu dinamik ritmlərin arxasında əslində çox ağır bir qürbət acısının, vətən həsrətinin və peşmançılığın gizləndiyini bilmirik. ArabAZ olaraq, illərdir sevərək dinlədiyimiz bu ölməz əsərin orijinal sözlərini və sətiraltı mənası ilə Azərbaycan dilinə peşəkar tərcüməsini sizə təqdim edirik.
Ya rayah (Ey gedən yolçu)
Ey gedən yolçu, hara səyahət edirsən?
Axırda yorulacaq və mütləq geri dönəcəksən.
Səndən əvvəl və məndən əvvəl,
O qəflətdə olan insanlar necə də peşman oldular.
Nə qədər dolu, abad ölkələr gördün,
Və nə qədər boş, kimsəsiz səhralar…
Nə qədər vaxt itirdin və hələ nə qədər də itirəcəksən,
Həyatından nələri çıxarıb gedirsən…
Ey özgə ellərdə qeyb olan,
nə qədər qaçsan da axırda yorulacaqsan,
Alın yazınmı səni aparır, yoxsa zamandır səni idarə edən?
Sənin isə xəbərin yoxdur.
Ey gedən yolçu, hara səyahət edirsən?
Axırda yorulacaq və mütləq geri dönəcəksən.
Səndən əvvəl və məndən əvvəl,
O qəflətdə olan insanlar necə də peşman oldular.
Niyə qəlbin bu qədər qəmlidir, niyə belə kasıb,
yazıq (bəxti qara) kimi görünürsən?
Bu sıxıntı, bu çətinlik əbədi deyil;
əgər oralarda çox qalsan, mənə məktub yaz.
Nə bu günlər əbədidir, nə də sənin və mənim gəncliyim qalasıdır.
Ah, yazıq o bədbəxt insana ki,
onun da bəxti mənim taleyim kimi qaradır.
Ey gedən yolçu, hara səyahət edirsən?
Axırda yorulacaq və mütləq geri dönəcəksən.
Səndən əvvəl və məndən əvvəl,
O qəflətdə olan insanlar necə də peşman oldular.
Ey yolçu, sənə vaxtında bir nəsihət verim, onu ağlında tut,
Bir şeyi satıb-almazdan əvvəl,
sənə nəyin xeyirli olduğuna yaxşı bax.
Ey qəflət yuxusunda olan, sənin başına gələnləri eşitdim,
eynisi mənim də başıma gəlib.
Uca Yaradan taleyimizi alnımıza belə yazıb,
belə qədər qismət edib.
Ey gedən yolçu, hara səyahət edirsən?
Axırda yorulacaq və mütləq geri dönəcəksən.
Səndən əvvəl və məndən əvvəl,
O qəflətdə olan insanlar necə də peşman oldular.


