İordaniyanın Səudiyyə Ərəbistanı təvəllüdlü şahzadəsi Rəcva Əl-Hüseyn (Rajwa Al-Hussein) ölkənin 80-ci Müstəqillik Günü tədbirlərində iordaniyalı dizayner Rima Dahbur (Reema Dahbour) tərəfindən hazırlanan səma mavisi rəngində geyimdə iştirak edib. O, obrazını “Bottega Veneta Intrecciato Knot Minaudière” brendinin klotç çantası ilə tamamlayıb.
ArabAZ xəbər verir ki, kral ailəsi üzvünün geyiminin qol manjetlərində ərəb xəttatlığı naxışları, donun bədən hissəsində isə xüsusi sancılmış sancaq (broş) diqqət çəkib. Qol manjetlərindəki xəttatlıq naxışlarında Livanın əfsanəvi müğənnisi Feyruzun (Fairuz) İordaniya haqqındakı məşhur “Urdon Ard Al Azm” mahnısından sitat yer alıb.
Ötən ayın sonunda İordaniyanın vəliəhd şahzadəsi Hüseyn bin Abdullah (Hussein bin Abdullah) sosial media hesabı vasitəsilə həyat yoldaşını 32-ci doğum günü münasibətilə təbrik edib. Cütlüyün qızları şahzadə İman (Princess Iman) ilə birlikdə daha əvvəl heç yerdə yayımlanmamış fotosunu paylaşan vəliəhd, paylaşımın şərh hissəsinə bu sözləri yazıb: “Səninlə keçən hər gün bir nemətdir. Doğum günün mübarək, mənim sevimli həyat yoldaşım”.
Kraliça Raniya (Queen Rania) da “Instagram” hesabı vasitəsilə şahzadəni təbrik edib. Kraliça öz paylaşımında “Rəcvaya ən xoşbəxt doğum günləri arzulayıram! Hər gün həyatımıza bəxş etdiyin istilik və sevinc üçün çox minnətdaram” ifadələrini işlədib.
Qeyd edək ki, şahzadə Rəcva 2024-cü ilin avqust ayında İordaniya Kralı II Abdullah və Kraliça Raniyanın ilk nəvəsi olan İmanı dünyaya gətirib. Şahzadə Rəcva, mərhum səudiyyəli iş adamı Xalid bin Müsaid bin Seyf bin Əbdüləziz Əl-Seyf (Khalid bin Musaed bin Saif bin Abdulaziz Al-Saif) və onun həyat yoldaşı Azza bint Nayef Əbdüləziz Əhməd Əl-Sudayrinin (Azza bint Nayef Abdulaziz Ahmad Al-Sudairi) qızıdır.

