İyulun 22-də SuriyanınRəs əl-Ayn şəhərində Həsəkə valisinin karvanına edilən hücum yerli, ötəri bir iğtişaş sərhədlərini aşan dərin bir böhranı üzə çıxarıb. Vali “Əl-Ülük” su stansiyasının təkrar açılış mərasimində iştirak etmək üçün əraziyə gələrkən ehtiraslı nümayişçilər onun avtomobil karvanının qarşısını kəsib və nəqliyyat vasitələrini daşqalaq ediblər. Bu səfər, nəzərdə tutulduğu kimi, dövlət xidmətlərinin bərpasında əldə olunan irəliləyişi nümayiş etdirmək əvəzinə, Həsəkədə keçid dövrünün idarə olunma üsuluna qarşı toplanmış narazılığın nə qədər dərin olduğunu gözlər önünə sərib.
- Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu
- Prezident İlham Əliyev Mərakeş Kralını və xalqını təbrik edib
- Suriyanın şimal-şərqində aşirət səfərbərliyi nəyə işarə edir?
Bu insident əyalət daxilində, xüsusən də ərəblərin çoğunluq təşkil etdiyi cənub bölgələrində həftələrdir davam edən gərginliyin eskalasiyasından sonra baş verib. Etiraz aksiyalarının miqyasının genişlənməsi və silahlı toqquşma hədələrinin artması tək bir həqiqətə dəlalət edir: xalqın qəzəbi dərinləşir, hakimiyyətə inam aşınır və böhranı dinc yollarla nizamlamaq imkanları günü-gündən daralır.
Qəzəbin səbəbləri çoxşaxəli və bir-biri ilə sıx bağlıdır. İçməli su, çörək və yanacaq qıtlığı şəraitində yaşayış standartları kəskin şəkildə pisləşməyə davam edir. Yoxsulluq dərinləşir; məlumatlara görə, bəzi ailələr təməl ehtiyaclarını ödəmək iqtidarında olmadıqları üçün əyaləti tərk etmək məcburiyyətində qalıblar.
Ən çox oxunan
Eyni zamanda, yerli sakinlərin öz kəndlərinə qayıda bilməməsi və ya kənd təsərrüfatı torpaqlarına çıxış əldə edə bilməməsi narazılığı daha da alovlandırır. Suriyanın neft və kənd təsərrüfatı məhsullarının böyük hissəsini təmin edən bir bölgədə bu cür məhrumiyyətlər yerli icmalarda maraqlarının gözardı edildiyi və gələcəkləri ilə bağlı qərarların onlardan uzqda qəbul olunduğu hissini gücləndirib.
Kürd rəhbərliyindəki “Suriya Demokratik Qüvvələri” (SDQ) tərəfindən saxlanılan məhbusların taleyi də gərginliyi bəsləyən əsas amillərdən biridir. Eitrazçılar onların azad edilməsini və bu ilin əvvəlində “İSİD”lə əlaqəli məhbusların deportasiyası zamanı İraqa aparıldığı bildirilən şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edirlər.
SDQ ilə Suriya Hökuməti arasında inteqrasiya prosesinin yeddi ay əvvəl başlamasına baxmayaraq, bu tələblərə baxmaq üçün hələ də etibarlı bir mexanizm formalaşdırılmayıb. Bu bacarıqsızlıq gərginliyi bir qədər də artırıb.
Mövcud faktiki təhlükəsizlik təsisatlarına inamsızlığın dərin kök saldığı Həsəkədə bir çoxları hökumətin sükutunu zəiflik və ya laqeydlik kimi qiymətləndirir.
Yerli təmsilçilik məsələsi də geniş mübahisə mövzusuna çevrilib. Son inzibati təyinatlar – valinin və Əyalət İcraiyyə Şurası üzvlərinin təyin olunması – rəsmilərin seçilmə üsulu və yeni təsisatların kimin maraqlarını müdafiə edəcəyi ilə bağlı suallar doğurub. Erazidəki etirazçılar və yerli tənqidçilər bildirirlər ki, SDQ və ya onun təsisatları ilə bağlı şəxslərə həddindən artıq nüfuz verilib, digər etnik-sosial qruplar və müstəqil xadimlər isə əyalətin gələcəyini müəyyən edən qərarlardan kənarlaşdırılıblar.
Buna görə də münaqişə yalnız vəzifə bölgüsü ilə məhdudlaşmır. Həsəkəyə toxunan qərarların, nəticələri birbaşa sakinlərin həyatına təsir edəcək icmanın real iştirakı olmadan, yalnız Dəməşq və SDQ arasında razılaşdırıldığına dair artan bir qənaət var.
Hökumətin zəif kommunikasiyası böhranı daha da dərinləşdirib. Etirazçılar SDQ ilə inteqrasiya sazişini icra etmək üçün tapşırılmış prezident nümayəndə heyətini yerli problemləri gözardı edərək yalnız nüfuz bölgüsünə fokuslanmaqda ittiham edirlər. Bütün ittihamlar tam dəqiq olmasa bile, narazı icmaların yuxarıdan idarə olunduğu, dinlənilmədiyi və iştirak etmədikləri qərarları qəbul etməyə məcbur edildiyi hissi üstünlük təşkil edir.
Bu duyğu bəzi tərəfləri daha kəskin variantlara əl atmağa sövq edir. Son zamanlar bəzi aşirət xadimləri “müharibə çadırları” qurublar. Bu, aşirət ənənələrində ümumi səfərbərlik və dinc yollardan imtina edərək güc tətbiqinə keçid anlamına gəlir.
Bu təhdidlərə şişirtmədən və ya kiçiltmədən ehtiyatla yanaşılmalıdır. Bunlar dinc təzyiq vasitələrinə inamın azaldığını və etirazların nəticə verməyəcəyinə inananlar üçün hərbi qarşıdurma variantının daha cəlbedici göründüyünü göstərir.
Suriya ordusu Hizbullaha qarşı göndərilə bilərmi?
Təhlükələr yalnız aşirətlərlə kürd qüvvələri arasında toqquşma ehtimalı ilə məhdudlaşmır. Həsəkə hələ də “İSİD” hüceyrələrinin fəaliyyətinə, rəqib silahlı qrupların hərəkətliliyinə və sabitliyi pozmaq üçün iğtişaşlardan yararlana biləcək regional güclərin müdaxiləsinə açıqdır. Xalqın qəzəbi, xidmətlərin pisləşməsi, siyasi təcrid və səlahiyyətli orqanlara inamsızlıq bu tərəflərə tərəfdar toplamaq və özlərini sakinlərin tələblərinə cavab verməyən hakimiyyətə alternativ kimi təqdim etmək imkanı verir.
Təhlükə siqnalları artıq aydın şəkildə ortadadır: genişlənən etirazlar, rəsmilərə hücumlar, aşirət səfərbərliyi və güc tətbiqi haqqında açıq söhbətlər. Bunlara göz yummaq sabitliyi qorumayacaq, əksinə, partlayış anını yaxınlaşdıracaq.
Hökumətin bu ssenarinin qarşısını almaq üçün hələ də imkanı var, lakin o, cəld hərəkət etməlidir. Bu proses yerli icmalarla birbaşa təmasın qurulması, Həsəkədəki yeni təsisatlarda təmsilçiliyin genişləndirilməsi və əyalətin müxtəlif bölgələrindəki narazılıqlara baxılması üçün ciddi mexanizmlərin yaradılması ilə başlamalıdır.
Valinin karvanına edilən hücum sübut etdi ki, bu narazılıqlar artıq şəxsi söhbətlərlə məhdudlaşmır, küçələrə çıxaraq daha təhlükəli siyasi və təhlükəsizlik ölçüləri qazanıb. Dəməşq dinc dialoqun hələ də nəticə verə biləcəyini sübut etməlidir. Bu xəbərdarlıqlara məhəl qoymamaq isə idarə oluna bilən bir münaqişəni Həsəkənin sabitliyini hədələyən və təsirləri onun sərhədlərindən kənara çıxan daha böyük bir toqquşmaya sürüləyə bilər.



