Birləşmiş Millətlər Təşkilatı cümə günü Sudanın Əl-Obeyd şəhərində humanitar vəziyyətin sürətlə pisləşdiyini bəyan edib. Təşkilatın məlumatına görə, şəhərdəki məcburi köçkün düşərgələrinə yeni gələnlərin sayı kəskin şəkildə artır.
ArabAZ xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı ötən ilin oktyabrında Darfurun Əl-Faşir şəhərində hərbiləşdirilmiş birləşmələrin hücumu zamanı törədilən vəhşiliklərin Əl-Obeyddə də təkrarlana biləcəyi barədə həftələrdir xəbərdarlıq edir.
BMT-nin Ümumdünya Ərzaq Proqramı Əl-Obeyd əhalisinin demək olar ki, iki dəfə artdığını, lakin onlardan yalnız az bir qismini qidalandıra bildiklərini açıqlayıb.
Sudan müharibəsində 11 mindən çox insan itkin düşüb
Ümumdünya Ərzaq Proqramının Sudan üzrə direktoru Abdallah Alvardat cümə axşamı Əl-Obeydə səfər etdikdən sonra şəhərdə qida, su və yanacaq qıtlığının davam etdiyini bildirib.
O, Cenevrədə jurnalistlərə verdiyi açıqlamada 500,000-600,000 nəfərdən çox əhalisi olan şəhərin Kordofan bölgəsindən gələn məcburi köçkünlər səbəbindən iki dəfə böyüdüyünü deyib.
Sudanın nizami ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında 2023-cü ilin aprelində başlayan müharibə bəzi hesablamalara görə 200,000 insanın ölümünə səbəb olub. Münaqişə 11 milyondan çox insanı didərgin salıb və Sudanın bir neçə bölgəsini aclıq astanasına gətirib.
Cənubi Kordofan bölgəsində strateji qovşaq olan Əl-Obeyd aylardır Çevik Dəstək Qüvvələri tərəfindən mühasirəyə alınıb.
Alvardat düşərgələrdə 120,000-dən çox insanın yaşadığını, lakin bir çoxunun yerli icmalarla qaldığını və ya özlərinə sığınacaq düzəltdiyini qeyd edib.

Ümumdünya Ərzaq Proqramı düşərgələrdəki 100,000-dən çox insana rzaq yardımı göstərib, lakin Alvardat şəhərdə təcili yardıma ehtiyacı olan daha çox köçkün olduğunu vurğulayıb.
Təşkilat insanlara tam ərzaq rasionu verə bilmir və hətta bu azaldılmış rasion belə köçkün ailələr tərəfindən digər ehtiyac sahibləri ilə paylaşılan şəkildə istifadə olunur.
Qurum şərait imkan verərsə, Əl-Obeyd və ətrafındakı 250,000-dən çox insana isti yemək və qida yardımını artırmaq üçün ehtiyatlar topladığını bildirib.
Alvardat şəhərə gətirdikləri hər bir yardımın bu insanlar üçün yeganə həyat xətti olduğunu xüsusi vurğulayıb.
O, daha çox iş görmək istədiklərini, lakin hazırda resurs baxımından ciddi çətinliklərlə üzləşdiklərini də əlavə edib.

