ArabAZ Analitik Təhlil Mərkəzi
İrandakı müharibə raketlər susanda bitəcək adi bir hərbi qarşıdurma deyil. Rejim hələ bir müddət ayaqda qalsa belə, İranda tanıdığımız "İslam Respublikası" artıq sona çatıb və saatın əqrəbləri heç vaxt geriyə dönməyəcək.
İrana qarşı müharibə "İslam Respublikası"nın onilliklər boyu üzərində dayandığı tənliyin kövrəkliyini üzə çıxardı: daxildən "düşmən"lə mübarizə adı altında səbir və fədakarlıq tələb edən, "fitnə və sui-qəsdlərin qarşısını almaq" bəhanəsi ilə öz xalqına qarşı vuruşub onu qətlə yetirən, bölgədə nüfuzunu bərqərar etmək üçün "inqilabın ixracı" adı altında qətliam və terror ixrac edən bir rejim... Bu fonda yaşayış səviyyəsi kəskin pisləşir, vətəndaş hüquqlarını, hətta yaşamaq və bir parça çörək tapmaq haqqını itirir; beləliklə, dövlətlə cəmiyyət, şüarlarla reallıq arasındakı uçurum daha da dərinləşir.
Müharibə legitimlik böhranını mütləq şəkildə yaratmır, lakin onu çılpaqlığı ilə üzə çıxarır və pərdəni arxaya çəkir. Rejim özünü təhlükəsizliyin və suverenliyin təminatçısı kimi təqdim etməyə çalışdığı bir vaxtda belə miqyasda hərbi zərbələrə məruz qalması İran cəmiyyətində sadə, lakin həyati bir sual doğurur.
Əgər ölkəni müharibədən və xarici kəşfiyyat sızmalarından qoruya bilməyəcəkdisə, hərbi güc formalaşdırmaq və regional nüfuz qazanmaq üçün xərclənən bu qədər illər nəyə xidmət etdi? Bütün dünyaya meydan oxuya bilən qüdrətli dövlət qurmaq bəhanəsi ilə xalq onilliklər boyunca ac saxlanılmadımı və repressiyalara məruz qalmadımı?
Bu sualı iqtisadiyyatdan ayrı təsəvvür etmək mümkün deyil. Sanksiyalar, blokada, neft gəlirlərinin azalması, milli valyutanın dəyərdən düşməsi və bahalaşma iranlı vətəndaşı ona heç vaxt təhlükəsizlik və ya rifah gətirməyən siyasi layihənin bədəlini ödəməyə məcbur edir. Öz çörəyini təmin edə bilməyən iranlıların dövlətin regional silahlı qruplaşmaları maliyyələşdirməsinə qəzəblənərək küçələrə çıxdığı neçə-neçə etiraz aksiyalarının şahidi olmuşuq? Bu gün müharibə, blokada və sanksiyalar uzandıqca, onsuz da dərin sosial-iqtisadi böhran içində boğulan bir cəmiyyətdən hakimiyyətin daha çox fədakarlıq tələb etməsi qeyri-mümkünləşir.
Məhz buna görə də qaçılmaz sual yaranır: Əgər sabah müharibə dayansa, xariclə qarşıdurma daxili toqquşmaya çevriləcəkmi?
Tarix sübut edir ki, rejimlər rəqiblərinə hərbi cəhətdən məğlub olanda deyil, cəmiyyəti öz varlıqlarının sabitliyə və gələcəyə aparan yeganə yol olduğuna inandırmaq qabiliyyətini itirəndə süqut edirlər. Sanksiyalar və müharibələr qarşısında sarsılmaz görünən, lakin iqtisadi təzyiqlər inamsızlıqla, hakim elitanın daxili çatı və cəmiyyətlə dövlət arasındakı uçurumla birləşəndə çökən sistemləri çox görmüşük. Bəs idarəçiliyi "gizli bir insan" kimi təqdim olunan "Ali Rəhbər"in əlində cəmləşmiş bir rejimdə vəziyyət necə olacaq?
Bu gün İran üçün sual təkcə "müharibəni davam etdirə bilərmi?" deyil. Əsas sual budur: İran daxili legitimliyinin qalan son qırıntılarını tamamilə xərcləmədən bu müharibəni apara bilərmi? Və əgər müharibə dayansa, sonra nə olacaq?
Regional silahlı qruplaşmalar kartı tükənmək üzrə olduğu bir vaxtda Hörmüz boğazı Tehranın əlində qalan son təzyiq rıçaqlarından biri ola bilər. Tehran bu kartdan Vaşinqtona, region ölkələrinə və bütün dünyaya təzyiq göstərmək üçün yararlanmaq istədi, lakin bu həmlə artıq bumeranq kimi özünə qayıtmaqdadır. Vaşinqton hərbi və iqtisadi təzyiqi yeni siyasi reallığa çevirməyi bacardı: regional müstəvidə daha da zəifləyən, öz nüfuzunu maliyyələşdirmək imkanları daralan və qonşuları ilə, bütövlükdə dünya ilə münasibətlərini yenidən formalaşdırmağa məcbur olan bir İran.
Buna görə də müharibənin necə bitəcəyi onun buraxacağı dərin izlərdən daha az əhəmiyyət kəsb edə bilər. "İslam Respublikası" hələ bir müddət mövcudluğunu saxlasa belə, biz artıq onun sonunun başlanğıcını müşahidə edirik. Hərbi əməliyyatlar dayana bilər, lakin müharibənin üzə çıxardığı legitimliyin aşınması prosesi dayanmayacaq. Hakimiyyət xalqı öz varlığının gələcəyə təminat olduğuna inandırmaq gücünü itirdikdə, süqut prosesi geciksə belə, onun siyasi sonu rəsmən başlamış olur.
İran dəyişdi və xalqını gələcəyin onunla parlaq olacağına inandırmaq qabiliyyətini itirdi; onun proksi qüvvələri və hərbi qolları da eyni aqibətlə üz-üzədir. Bütün region dəyişdi. Sona çatan sadəcə bir günün içində yıxılan rejim deyil, bütöv bir tarixi mərhələdir. Saatın əqrəbləri artıq irəli doğru hərəkət edib və onları geriyə qaytarmaq mümkün deyil.