Məşhur riyaziyyatçı Məhəmməd ibn Musa əl-Xarəzmi IX əsrin birinci yarısının ən önəmli elmi simalarından biridir. Kompüter və hesablama maşınlarının inkişafının əsasını təşkil edən "alqoritm" anlayışı birbaşa onun adından yaranıb. Xarəzmi riyaziyyatın müstəqil sahəsi kimi cəbrin əsasını qoyub və onu ilk dəfə həndəsədən ayırıb. Onun bucaq hesablamaları, həndəsi həll yolları və triqonometrik cədvəlləri 1126-cı ildə Batlı Adelard tərəfindən latın dilinə tərcümə edilərək Avropa elminə daxil olub.
Onun davamçısı Sabit ibn Qürrə Bağdaddakı akademiyada fəaliyyət göstərərək həndəsə, mexanika, qeyri-rasional ədədlər və differensial mövzusunda mühüm əsərlər yazıb, Evklidin əsərlərini ərəb dilinə çevirib və günəş saatının kölgə mexanizmini izah edib.
Astronomiya sahəsindəki kəşflər səyyahların istiqamət təyini, zamanın hesablanması və təqvimlərin formalaşmasında mühüm rol oynayıb. Əbül-Vəfa əl-Büzcani (940–998) triqonometriyanı, sekans və tangens anlayışlarını, həndəsi qrafikləri və paraboloidlərin həcmini işləyib hazırlayıb, Ptolemeyin "əl-Məcəst" əsərini yenidən tərcümə edib.
Bəni Musa qardaşları yerin çevrəsini dəqiqliklə ölçüb, mühəndislikdə yeni metodlar irəli sürüblər. Ömər Xəyyam (1048–1131) rəsədxana rəhbərliyi edib, üçüncü dərəcəli cəbri tənliklərin həllini tapıb və miladi təqvimdən daha dəqiq olan günəş təqvimini tərtib edib. Əbu Səid əl-Siczi çarxlı təqvim icad edib; Fərqaninin "Səma hərəkətləri və ulduzlar elmi" əsəri, Zərqalinin isə "Toledo cədvəlləri" Qərbdə böyük rezonans doğurub.
Coğrafiya sahəsində Əl-İdrisi (ö. 1166) gümüş planisfera düzəldib və "Rocerin kitabı" ilə bu elmdə yeni mərhələ açıb. Yaqut əl-Həməvi isə "Mücəmül-büldan" ensiklopedik əsəri ilə İslam dünyasının ətraflı xəritəsini yaradıb. İbn Xordazbeh, İbn Rüstə, Əbu Zeyd, Həmdani və Əbu Düləf kimi mütəfəkkirlər də dünya coğrafiyasına dair zəngin biliklər qazandırıblar.
Optika elmində İbn Heysəm (965–1039) "Kitabül-mənazir" əsəri ilə qədim yunan nəzəriyyələrini təkzib edərək görmə mexanizmini, qaranlıq otaq prinsipini (kamera-obskura), göyqurşağı və tutulma hadisələrini elmi əsaslarla izah edib. Əl-Biruni təcrübi metodlar və ölçmə cihazları ilə cazibə qüvvəsi, fizika, riyaziyyat və farmakologiyada zəngin irs qoyub. Nəsirəddin Tusi (1201–1274) Marağa rəsədxanasını quraraq "Təzkirə" əsərini və planetlərin hərəkət cədvəllərini hazırlayıb ki, bu tədqiqatlar sonradan Kopernikin nəzəriyyəsinə möhkəm zəmin yaradıb.