İngiltərədə aparılan yeni elmi araşdırma hazır yemək sifarişi tətbiqlərindən istifadə edən insanların əsasən aşağı gəlirli ailələrdən olduğunu və bu qrupda piylənmə riskinin nəzərəçarpacaq dərəcədə yüksəldiyini müəyyən edib.
ArabAZ xəbər verir ki, "BMJ Public Health" beynəlxalq ictimai səhiyyə jurnalında dərc olunan tədqiqat yüksək və aşağı gəlirli ailələrin rəqəmsal qida alış-verişi vərdişləri arasındakı kəskin fərqləri üzə çıxarıb. Məlum olub ki, yüksək gəlirli təbəqə əsasən xam ərzaq məhsullarını onlayn sifariş etməyə üstünlük verdiyi halda, aşağı gəlirli ailələr daha çox hazır yemək çatdırılması xidmətlərindən yararlanırlar.
Tədqiqatçıların əldə etdiyi statistikaya görə, iştirakçıların təxminən 13 faizi yeddi gün ərzində ən azı bir dəfə hazır yemək sifarişi tətbiqlərindən istifadə edib, 15 faizi isə dörd həftəlik müddətdə internet üzərindən ərzaq sifarişi həyata keçirib. Respondentlərin 3 faizdən bir qədər çoxunun isə hər iki xidmətdən paralel istifadə etdiyi müəyyənləşdirilib.
Mütəxəssislər onlayn ərzaq alış-verişinin birbaşa yüksək gəlirlə əlaqəli olduğunu təsdiqləsələr də, bu vərdişlə fərdin peşə fəaliyyəti arasında birbaşa asılılıq qeydə almayıblar. Bunun əksinə olaraq, hazır paket xidmətlərində peşə və sosial təbəqə amili özünü qabarıq göstərib: aşağı gəlirli şəxslərin yüksək səviyyəli peşə sahibləri ilə müqayisədə hazır yemək sifarişlərindən iki dəfə daha çox istifadə etdikləri üzə çıxıb ki, bu da birbaşa qeyri-sağlam qidalanma və piylənmə riskinin artması ilə nəticələnir.