Ford şirkəti İraqda Şimal Əl-Cəzirə Avtomobil Ticarəti və Kommersiya Agentliklərini (SAT) yeni rəsmi distribyutor təyin edib.
ArabAZ xəbər verir ki,SAT-ın fəaliyyəti oktyabrın 1-dən başlayacaq. Şirkət İraq üzrə Ford minik və kommersiya avtomobillərinin idxalı və satışı, orijinal ehtiyat hissələrinin tədarükü, eləcə də texniki xidmət və satışdan sonrakı xidmətlərə cavabdeh olacaq.
Şimal Əl-Cəzirə (SAT) “March Holding” və “Olayan Group”un avtomobil bölməsinin birgə müəssisəsidir. Şirkətə baş icraçı direktor Məhəmməd Əl-Olayan və baş menecer Yasin Əl-Səati rəhbərlik edir. “March Holding” İraqda texnologiya, maliyyə xidmətləri, rəqəmsal həllər və elektron ticarət daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən 10-dan çox şirkəti idarə edir. “Olayan Group” isə Yaxın Şərqdə avtomobil distribusiyası sahəsində 50 ildən artıq təcrübəyə malikdir.
Ford-un İraqdakı hazırkı distribyutoru Əl-Qasid Qrupu ilə keçid prosesi sentyabrın 30-dək davam edəcək. Bu müddət ərzində müştərilər avtomobil alışı, orijinal ehtiyat hissələrinin əldə edilməsi və texniki xidmətlərdən əvvəlki qaydada yararlana biləcəklər. Mövcud zəmanət və xidmət müqavilələri də SAT-ın fəaliyyətə başlamasından sonra qüvvədə qalacaq.
Ford Yaxın Şərq və Şimali Afrika üzrə prezidenti Ravi Raviçandran bildirib ki, İraq şirkətin regional inkişaf strategiyasında mühüm bazarlardan biridir. SAT-ın yerli bazar təcrübəsi və diler infrastrukturu Ford müştərilərinin avtomobil alışından sonrakı xidmətlərədək bütün mərhələlərdə dəstəklənməsinə imkan verəcək.
SAT-ın baş icraçı direktoru Məhəmməd Əl-Olayan isə İraqın müxtəlif əyalətlərində yenilənmiş satış salonları və müasir diaqnostika xidmət mərkəzlərinin yaradılacağını bildirib. Yeni şəbəkənin Ford-un benzin və dizel, hibrid və elektrik modellərinə xidmət göstərməsi nəzərdə tutulur.