7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Maraqlı faktlar
Maraqlı faktlar

Tarixin böyük feykləri: Məktəbdə sizə yalan danışıblar!

Hamımıza məktəbdə hadisələrin səliqəli, cilalanmış versiyasını öyrədiblər. Dahilərin və böyük strateqlərin yaratdığı tarixi, hər şeyin planlı olduğu şirin bir nağılı bizə sırııyıblar. Amma bu nağılda ən yaxşı hissə unudulub. Əsl tarix -qan və yalanla doludur. Bu gün biz dərsliklərin tozunu silib, sizin hələ də inandığınız 33 möhtəşəm yalanı və mifi təhlil edəcəyik.

17 May 2026 09:00
Tarixin böyük feykləri: Məktəbdə sizə yalan danışıblar!

BAKI,VOA

Hamımıza məktəbdə hadisələrin səliqəli, cilalanmış versiyasını öyrədiblər. Dahilərin və böyük strateqlərin yaratdığı tarixi, hər şeyin planlı olduğu şirin bir nağılı bizə sırııyıblar. Amma bu nağılda ən yaxşı hissə unudulub. Əsl tarix -qan və yalanla doludur. Bu gün biz dərsliklərin tozunu silib, sizin hələ də inandığınız 33 möhtəşəm yalanı və mifi təhlil edəcəyik.

1. Napoleon Bonapart və boy kompleksi

Napoleonun balacaboy və kompleksli bir "cırtdan" olması imici tarixin ilk və ən uğurlu "nifrət kampaniyası"dır. Napoleon Avropada orduları darmadağın edərkən, britaniyalılar onun imicini sındırmaq üçün karikaturalardan istifadə etdilər. Onun boyu əslində 169 sm idi — bu, o dövrün fransızı üçün tamamilə normal, hətta orta statistik britaniyalıdan daha hündür boy sayılırdı. Sadəcə britaniyalılar fransız futlarını (hansı ki, ingilis futundan daha uzundur) səhv tərcümə edərək bir "mem" yaratdılar və bu yalan imperiyadan daha çox yaşadı.

2. Vikinqlər və buynuzlu dəbilqələr

Vikinqlər haqqında ən böyük mif onların buynuzlu dəbilqə taxmasıdır. Arxeoloqlar vikinqlər dövrünə aid bir dənə də olsun buynuzlu dəbilqə tapmayıblar. Çünki döyüş zamanı buynuzlu dəbilqə taxmaq axmaqlıqdır; rəqib buynuzdan tutub boynunuzu asanlıqla qıra bilərdi. Bu mifi 1870-ci illərdə opera dizayneri Karl Emil Döpler yaradıb; o, Vaqnerin operası üçün geyimlər hazırlayarkən "vao-effekt" yaratmaq üçün dəbilqələrə buynuz yapışdırmışdı.

3. Xristofor Kolumb və Amerikanın kəşfi

Bu, yalanlar toplusudur. Birincisi, Kolumb yerin kürə şəklində olduğunu sübut etməyib - bunu qədim misirlilər və yunanlar ondan 2000 il əvvəl bilirdi. İkincisi, o, Amerikanı kəşf etməyib, orada artıq milyonlarla insan yaşayırdı, vikinqlər isə ondan 500 il əvvəl orada olmuşdular. Üçüncüsü, o, ölənə qədər Amerikanı deyil, Asiyanı (Hindistanı) tapdığını düşünürdü.

4. Mariya Antuanetta: "Qoy pirojna yesinlər"

"Çörəkləri yoxdursa, qoy pirojna yesinlər" ifadəsini kraliça heç vaxt işlətməyib. Bu, XVIII əsrin "feyk nyus"u idi. Bu ifadə Antuanettanın cəmi 10 yaşı olanda, hələ Avstriyada yaşayanda Jan Jak Russonun əsərlərində başqa şahzadələrə aid edilirdi. İnqilab təbliğatı üçün günah keçisi lazım idi və kraliçanın imici bu yalana tam uyğun gəlirdi.

5. Böyük Çin səddi kosmosdan görünür?

Məktəbdə bizə öyrədirdilər ki, Çin səddi kosmosdan görünən tək insan əməyidir. Bu yalandır. Nə Ayın səthindən, nə də orbitdən onu görmək mümkün deyil. Divar uzun olsa da, çox ensizdir və rəngi ətraf mühitlə eynidir. Çin kosmonavtı Yan Livey də etiraf edib ki, nə qədər çalışsa da, divarı kosmosdan görə bilməyib.

6. Eynşteynin riyaziyyatdan kəsilməsi

Bu, tənbəl şagirdlər üçün uydurulmuş təsəllidir. Eynşteyn məktəbdəki kazarma qaydalarına nifrət etsə də, riyaziyyatı əla bilirdi. 15 yaşında artıq diferensial hesablama mütəxəssisi idi. O, sadəcə Sürix Politexnikumuna imtahan verərkən botanika və fransız dilindən kəsilmişdi, riyaziyyat və fizikanı isə mükəmməl vermişdi.

7. Neronun Roma yanarkən skripka çalması

Məşhur rəvayətə görə, İmperator Neron Roma yanarkən təpədə dayanıb skripka çalırdı. Birincisi, o dövrdə skripka mövcud deyildi (1500 il sonra icad olunub). İkincisi, yanğın başlayanda Neron Romada deyildi, xəbəri eşidən kimi geri dönüb xilasetmə işlərinə və evsizlərə yardım etməyə başladı. Bu mifi onu sevməyən tarixçilər uydurub.

8. Salem cadugərlərinin yandırılması

Salemdə (1692) heç bir cadugər tonqalda yandırılmayıb. Onları asırdılar. Çünki Amerika koloniyalarında cadugərlik Allaha qarşı deyil, dövlətə qarşı cinayət sayılırdı, bunun da cəzası dar ağacı idi.

9. "Dəmir qız" işgəncə aləti

İçində mismarlar olan bu sarkofaq Orta əsrlərə aid deyil. Onu 1793-cü ildə bir alman filosofu sadəcə qorxu yaratmaq üçün uydurub. XIX əsrdə isə muzey rəhbərləri turistlərdən pul qazanmaq üçün köhnə sandıqlara mismarlar vuraraq bu "eksponatı" yaradıblar.

10. Orta əsrlərdə insanların yerin müstəvi olduğuna inanması

Bu, bizə özümüzü daha "ağıllı" hiss etdirmək üçün deyilən yalandır. Orta əsrlərin hər bir təhsilli insanı yerin kürə şəklində olduğunu bilirdi. Müstəvi yer mifi XIX əsrdə kilsəni qaralamaq və elmin guya həmişə "müttəhim" olduğunu göstərmək üçün uydurulub.

11. Rurik və "top-menecer" dəvəti

Rəsmi versiyada Rurikin gəlişi böyük bir birləşmə kimi təsvir olunur. Amma əslində bu, bir səriştəsizlik bayramı idi. Slavyan tayfaları bir-birini qırırdılar və barışa bilmirdilər. Sonda məcbur olub xaricdən — vikinqlərdən peşəkar bir hərbi rəhbər (SEO) dəvət etdilər ki, gəlib onların arasındakı xaosu nizama salsın. Rurik slavyan deyil, skandinav idi.

12. Üç yüz 300 spartalı

Hollivud bizə spartalıların təkbaşına vuruşduğunu sırııyıb. Əslində Termopil keçidində yunan ordusu 5-7 min nəfər idi. Digər yunan şəhər-dövlətlərinin əsgərləri də orada idi, sadəcə spartalıların piar-şöbəsi daha güclü olduğu üçün tarixə yalnız onlar düşdü.

13. Corc Vaşinqtonun taxta dişləri

Vaşinqtonun dişləri həqiqətən bərbad idi, amma onlar taxtadan deyildi. Protezlər qızıl, begemot dişi, eşşək dişi və hətta qullardan satın alınmış insan dişlərindən hazırlanmışdı. "Taxta dişlər" mifi sadəcə bu qorxunc reallığı gizlətmək üçün uydurulmuş şirin bir əfsanədir.

14. Van Qoqun qulağını kəsməsi

O, qulağını yox, sadəcə qulağının məməsini (yumşaq hissəsini) kəsmişdi. Pol Qogenlə içkili vəziyyətdə dalaşarkən baş verən bu hadisə sonradan daha böyük faciə kimi, yəni "bütün qulağın kəsilməsi" kimi təqdim olunaraq rəssamın brendinə çevrildi.

15. Pirat xəritələri və basdırılmış xəzinələr

"Xəzinə adası" romanı bizə elə gəlir ki, bütün piratlar xəzinə basdırıb xəritə çəkirdi. Tarixdə yalnız bir belə hadisə olub (Kapitan Kidd), o da dərhal tapılıb. Piratlar axmaq deyildilər; onlar qəniməti dərhal ən yaxın limanda içkiyə və əyləncəyə xərcləyirdilər.

16. Potyomkin kəndləri

Katerina Krıma gedərkən Qraf Potyomkinin kartondan uydurma kəndlər tikməsi hekayəsi, böyük ehtimalla, onun paxıl düşmənlərinin uydurduğu "feyk"dir. Potyomkin həqiqətən orada şəhərlər və donanma qurmuşdu, sadəcə rəqibləri onun uğurunu ləkələmək üçün bu şayiəni yaymışdılar.

17. Ledi Qodiva

Onun vergilərin azaldılması üçün şəhərdə çılpaq at çapması gözəl bir əfsanədir. Lakin bu hadisə onun ölümündən 200 il sonra yazılmış kitablarda peyda olub. Əslində isə əri Leofrik çox dindar və xeyriyyəçi bir insan olub.

18. Salyeri Mosartı zəhərləyib?

"Dahi və cinayət" süjeti daxilində bizə sırıılan bu fikir uydurmadır. Salyeri o dövrdə Mosartdan daha uğurlu və zəngin bir bəstəkar idi. Onun Mosartı zəhərləməsi üçün heç bir səbəbi yox idi. Mosart böyrək çatışmazlığından və ya revmatik qızdırmadan ölüb.

19. Kleopatra: Misirli, yoxsa yunan?

Kleopatra etnik olaraq misirli deyildi. O, Makedoniyalı yunanlar olan Ptolemeylər sülaləsindən idi. Bu ailə 300 il Misiri idarə etsə də, yalnız yunan dilində danışır və ailədaxili izdivaclara üstünlük verirdilər. Kleopatra sadəcə xalqın rəğbətini qazanmaq üçün misir dilini öyrənmişdi.

20. İlk Şükranlıq günü

Piliqrimlərlə hinduların bir masada oturub hind quşu yeməsi mifi sadəcə bir fasilə idi. Piliqrimlər hinduları dost olduqları üçün deyil, atəş səslərindən qorxub müharibəyə hazırlaşdıqlarını düşündükləri üçün masaya çağırmışdılar. Tezliklə bu "dostluq" qanlı müharibə və hinduların məhvi ilə bitdi.

21. Titanik orkestri və son ilahi

Gəmi batarkən orkestrin dini musiqi ifa etməsi bir piar gedişi idi. Şahidlərin çoxu onların o dövrün dəbli və şən musiqilərini (reqtaym) ifa etdiyini deyirdilər ki, insanlar arasında panika yaranmasın. Dini musiqi mifi qəzetlər tərəfindən hadisəyə dramatiklik qatmaq üçün uyduruldu.

22. Edissonun lampanı icad etməsi

Tomas Edisson lampanı icad etməyib, o, lampanı "satıla bilən məhsul" halına gətirib. Ondan əvvəl onlarla adam lampa hazırlamışdı. Edissonun dahiliyi ondadır ki, o, infrastrukturu (elektrik stansiyası, naqillər, patronlar) yaratdı və bu sistemi öz adına brendləşdirdi.

23. Anastasiya Romanova sağ qalıb?

II Nikolayın qızı Anastasiyanın güllələnmədən xilas olması XX əsrin ən böyük mifi idi. Onlarla qadın özünü Anastasiya kimi təqdim etdi, ən məşhuru isə Anna Anderson idi. 1984-cü ildə aparılan DNT testi sübut etdi ki, o, sadəcə polşalı bir fəhlə olub.

24. Saçı qırxanda daha qalın çıxır?

Bu, təmiz optik illüziyadır. Ülgüc saçın kökünə təsir etmir, sadəcə ucu incə olan saçı dibindən kəsir. Çıxan tükün ucu kəsik olduğu üçün o, insana daha sərt və qalın görünür.

25. İnsan meymundan yaranıb?

Təkamül nəzəriyyəsi insanların meymundan yarandığını demir. O deyir ki, bizim meymunlarla (şimpanzelərlə) ortaq bir əcdadımız olub. Milyonlarla il əvvəl yollarımız ayrılıb: bir qol şimpanzeyə, digər qol isə insana doğru təkamül edib.

26. Pepsi və SSRİ-nin hərbi donanması

1989-cu ildə Pepsi SSRİ-dən konsentrat müqabilində 17 sualtı qayıq və hərbi gəmilər aldı. Amma bu, Pepsi üçün uğur deyil, problem idi. Çünki bu gəmilər tamamilə yararsız metal yığını idi və şirkət onları satmağa adam tapa bilmirdi.

27. Penisillinin kəşfi

Aleksandr Fleminq penisillini bir laboratoriya səliqəsizliyi nəticəsində kəşf edib. O, qabları yumadan məzuniyyətə gedib və qayıdanda görüb ki, qabda yaranan kif bütün bakteriyaları öldürüb. Yəni müasir təbabətin bu böyük kəşfi Fleminqin qab yumağa həvəsi olmaması sayəsində baş verib.

28. Qida piramidası

1992-ci ildə təqdim olunan qida piramidası elm deyil, marketinq idi. Kənd Təsərrüfatı Nazirliyi fermerlərin istehsal etdiyi dənli bitkiləri satmaq üçün piramidanın əsasına un məmulatlarını qoydu. Nəticədə dünya piylənmə epidemiyası ilə üzləşdi.

29. Almazlar nadirdir?

Almazlar əslində yer üzündə çox yayılmış minerallardır. Onların bahalı olmasının səbəbi "De Beers" şirkətinin bütün şaxtaları alaraq süni qıtlıq yaratması və "Almaz əbədidir" şüarı ilə aparılan dahi reklam kampaniyasıdır.

30. Radioaktivlik xeyirlidir?

XX əsrin əvvəlində radiumlu suların, şokoladların, diş məcunlarının xeyirli olduğuna inanırdılar. "Radium qızları" saatların rəqəmlərini boyayarkən fırçaları dilləri ilə isladır və sonda sümükləri çürüyərək dəhşətli şəkildə ölürdülər.

31. Lemminqlərin kütləvi intiharı

Lemminqlərin özlərini qayadan atması yalanını "Disney" studiyası uydurub. 1958-ci ildə "Ağ səhra" sənədli filmini çəkərkən işçilər lemminqləri pulla alıb gətirmiş və onları qayadan suya itələmişdilər ki, dramatik kadrlar alınsın.

32. Rasputin və "ölməzlik"

Onu öldürən sui-qəsdçilər öz qorxaqlıqlarını və səriştəsizliklərini gizlətmək üçün Rasputini "sehrli, ölməz bir varlıq" kimi təsvir etdilər. Əslində isə ekspertiza onun mədəsində zəhər tapmadı və ilk güllə artıq onun üçün ölümcül olmuşdu.

33. Pokahontas və Con Smit

Hollivudun göstərdiyi böyük eşq hekayəsi yalandır. Pokahontas Smitlə tanış olanda cəmi 10-12 yaşında bir uşaq idi, Smitin isə 27 yaşı var idi. Heç bir romantika olmayıb; Smit bu hekayəni özünü qəhrəman kimi göstərmək üçün 17 il sonra uydurub.

Məqalədə: #Vaşinqton #Çin Səddi #Napoleon #Kolumb #Napoleonun Misir kampaniyası və Əl-Əzhər müqaviməti #Tarixi dəyişən 14 ramazan: Dəməşqin süqutu və Əzhərin Napoleonla savaşı #Vikinqlər #Mariya Antuanetta #tarixi miflər #Anastasiya Romanova #Kleopatra #300 spartalı

Mövzu üzrə digər xəbərlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Digər Dövlətlər

Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb

4 Sentyabr 17:41
Tarixdə bu gün – 4 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün – 4 Sentyabr

4 Sentyabr 00:01
İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian
İran

ABŞ iyun razılaşmasına qayıtsa, İran dərhal qarşılıq verəcək-Pezeşkian

2 Sentyabr 09:15

Son Xəbərlər

Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
Livan prezidenti BƏƏ-yə dəstəyinə görə təşəkkür edib
17:00
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
Səudiyyə Ərəbistanında daşınmaz əmlak bazarında yeni investisiya imkanları yaranır
16:38
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
BƏƏ komandası İtaliyada ilk beynəlxalq avtonom avtomobil yarışını qazanıb
16:09
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Ford İraqda yeni rəsmi distribyutor təyin edib
16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.