İordaniya kralı II Abdullah çərşənbə axşamı Norveçə səfər edib. O, Norveç kralı V Haraldın dövlət dəfn mərasimində iştirak edəcək. Kralı səfərdə kraliça Raniya müşayiət edir.
ArabAZ xəbər verir ki, II Abdullahın Norveçdə olmadığı müddətdə onun səlahiyyətlərini icra etmək üçün vəliəhd Hüseyn bin Abdullah Nazirlər Kabinetinin qarşısında regent kimi konstitusiya andı içib.
V Harald avqustun 28-də 89 yaşında Oslodakı Rikşospitalet xəstəxanasında vəfat edib. O, 35 il Norveç taxtında olub.
Onun vəfatından sonra oğlu dərhal VIII Haakon adı ilə Norveç kralı olub və sentyabrın 1-də Norveç parlamentində and içib.
V Haraldın dövlət dəfn mərasimi çərşənbə günü saat 13:00-da Oslo kafedralında keçiriləcək.
Mərasimdən əvvəl kral sarayından Oslo kafedralına yürüş təşkil olunacaq. Daha sonra mərhum kral Akershus qalasındakı kral məqbərəsində dəfn ediləcək.
Dəfn mərasimində xarici ölkələrin kral ailələrinin nümayəndələri, dövlət və hökumət başçıları iştirak edəcəklər.
Norveçdə mərasimin başlanması ilə eyni vaxtda ölkə üzrə bir dəqiqəlik sükut elan olunacaq.