BAKI, VOA, Orxan Qədirzadə
"Rosatom" dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov İrandakı Buşəhr AES-də çalışan 163 rusiyalı mütəxəssisin təhlükəsizlik ilə əlaqədar obyekti tərk etdiyini açıqlayıb. Təxliyə prosesinin "planlı rejimdə" həyata keçirildiyini bildirən Lixaçov qeyd edib ki, işçi qrupu çərşənbə günü səhər saatlarında stansiyadan çıxıb, gecəni İsfahanda keçirib və cümə axşamı axşam saatlarında İran-Ermənistan sərhədini keçməsi gözlənilir.
VOA xəbər verir ki, bu addım fevralın sonundan etibarən ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrin Buşəhr AES-in bilavasitə yaxınlığına qədər genişlənməsi fonunda atılıb.
Aleksey Lixaçovun sözlərinə görə, aprel ayının əvvəlində daha iki təxliyə dalğası planlaşdırılır, lakin bu, bütün personalın obyekti tamamilə tərk etməsi anlamına gəlmir. Hazırda stansiyada 300-dən çox rusiyalı mütəxəssis qalır və onların sayı "vəziyyət normallaşana qədər" obyektin texniki qorunmasını və iş qabiliyyətini təmin edəcək minimum həddə endirilib. Aprel ayındakı növbəti mərhələlərdən sonra da müəyyən bir qrup mütəxəssisin stansiyanın gələcək fəaliyyəti üçün yerində qalacağı vurğulanıb.
"Rosatom" rəhbərinin bəyanatları Buşəhr AES ətrafında baş verən təhlükəli insidentlərlə eyni vaxta təsadüf edir. Son məlumatlara görə, martın 17-də və ötən gün stansiya yaxınlığında hərbi hücumlar qeydə alınıb. Baxmayaraq ki, bu zərbələr stansiyanın infrastrukturuna birbaşa ziyan vurmayıb və tələfata səbəb olmayıb lakin, hərbi əməliyyatların nüvə obyekti ətrafında intensivləşməsi beynəlxalq nüvə təhlükəsizliyi üçün ciddi risklər yaradır.