İran hökuməti parlamentdə müzakirə olunan və xarici təsir, müdaxilə və əlaqələr hesab edilən geniş fəaliyyət dairəsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsinə açıq şəkildə qarşı çıxıb. Layihə xarici media qurumları və təşkilatlarla əlaqələrə, məlumat mübadiləsinə, eləcə də beynəlxalq elmi əməkdaşlığın müəyyən formalarına məhdudiyyətlər tətbiq etməyi nəzərdə tutur. Parlament avqustun 16-da layihənin ümumi müddəalarını 183 səslə qəbul edib, lakin ayrı-ayrı maddələr üzrə müzakirələr davam edir.
ArabAZ xəbər verir ki, Prezident Məsud Pezeşkian hökuməti layihənin vətəndaşların hüquq və azadlıqlarını məhdudlaşdıra, ali məktəblərin və tədqiqatçıların xarici elmi qurumlarla əlaqələrinə mane ola biləcəyini bildirir. Hökumət həmçinin belə məhdudiyyətlərin iranlı alim və mütəxəssislərin ölkədən getməsini sürətləndirə biləcəyi barədə xəbərdarlıq edib.
Qanun layihəsində xarici media ilə müəyyən əlaqələr, xarici qurumlara məlumat, hesabat və statistik göstəricilərin verilməsi, eləcə də bəzi beynəlxalq elmi əməkdaşlıq formaları üçün məhdudiyyət və cəzalar nəzərdə tutulur. Layihənin bəzi müddəaları xaricdə fəaliyyət göstərən media qurumlarına görüntü, səs yazısı və digər məlumatların göndərilməsini də əhatə edir.
Tənqidçilər layihədə istifadə edilən anlayışların həddindən artıq geniş olduğunu və bunun elm, media, incəsənət və mədəniyyət sahələrində fəaliyyət göstərən şəxslər üçün ciddi hüquqi risklər yarada biləcəyini bildirirlər. Layihədə xarici dəstəklə həyata keçirilən bəzi mədəni və elmi fəaliyyətlərə görə də məsuliyyət nəzərdə tutulur.
Tehrandakı Əllamə Təbatəbai Universitetinin hüquq professoru Vahid Agah da təşəbbüsün tətbiqinin mümkünlüyünü şübhə altına alıb. O bildirib ki, milyonlarla insanın xarici əlaqələrini nəzarətdə saxlamaq praktik baxımdan mümkün deyil və mədəniyyətin, incəsənətin və medianın inkişafının qarşısını bu üsulla almaq olmaz.
Layihənin tərəfdarları isə xarici kəşfiyyat qurumlarının ölkə daxilində təsir imkanlarının məhdudlaşdırılması üçün əlavə hüquqi tədbirlərə ehtiyac olduğunu müdafiə edirlər. Bununla belə, layihənin yekun mətni hələ təsdiqlənməyib və ayrı-ayrı müddəalar parlamentdə müzakirə olunur.