İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Hizbullahın hərbi imkanlarını yenidən bərpa etməsinə imkan verilməyəcəyini bildirib. Açıqlama İsrail ordusunun Livanın cənubundakı Əli ət-Tahir yüksəkliyini partlatdığını və partlayışın 4,1 bal gücündə yeraltı təkan yaratdığını bildirməsindən sonra verilib.
ArabAZ xəbər verir ki, Zamir Livanın cənubunun bəzi ərazilərində yerləşdirilmiş İsrail ordusunun 36-cı diviziyasının hərbçiləri qarşısında çıxışı zamanı Hizbullahın yenidən güclənməsinin qarşısının alınacağını vurğulayıb.
Zamir bildirib ki, “terror infrastrukturu”nun yaradıldığı hər bir Livan kəndi özünü təhlükə qarşısında qoyacaq. Bununla belə, İsrail ordusunun hansı obyektləri bu anlayışa daxil etdiyi və belə əməliyyatların mülki əhaliyə mümkün təsirləri barədə əlavə açıqlama verilməyib.
İsrail ordusunun Baş Qərargah rəisi həmçinin Livan ordusu “sahədə effektiv fəaliyyət göstərməyincə” İsrail və Livan arasındakı razılaşmaların irəliləməyəcəyini deyib.
Livan Səhiyyə Nazirliyinin şənbə günü yaydığı məlumata görə, 2023-cü ilin oktyabrından 2026-cı ilin sentyabrınadək İsrailin Livana hücumları nəticəsində 8 min 920 nəfər həlak olub, 30 min 595 nəfər isə yaralanıb.