Bakı, AzerVoice
Qara vəba, meymun çiçəyi (mpox) və quş qripi virusları bütün dünyada səhiyyə orqanlarını məşğul edərkən, hazırda ölümcül Oropuche virusu da narahatlıq yaratmağa başlayıb.
AzerVoice xəbər verir ki, bu yaxınlarda Avropada ilk dəfə Oropuche virusu aşkar edilsə də, İspaniya, İtaliya və Almaniyada indiyədək bu xəstəliyə dair 19 hal qeydə alınıb.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) "tənbəl heyvan qızdırması" kimi tanınan Oropuche xəstəliyi (OROV) hallarının artması ilə bağlı digər ölkələrə bildirərək, yeni halların ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bu ilin iyun və iyul aylarında Avropa ölkələrində ilk dəfə olaraq 19 Oropuche hadisəsi qeydə alınıb. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) bu ayın əvvəlində dərc etdiyi hesabata görə, bu halların 12-si İspaniyada, beşi İtaliyada, ikisi isə Almaniyada olub.
ECDC, bu halların Kuba və Braziliya da daxil olmaqla, virusun aktiv olduğu bölgələrdən qayıdan səyahətçilər tərəfindən gətirildiyini güman etdiklərini bildirib.
Virusla bağlı ilk ölüm halları ötən ay Braziliyada qeydə alınıb. 21 və 24 yaşlı iki qadın şiddətli qanaxma və aşağı təzyiq halından ölüb. Bundan əlavə, bir ay əvvəl Oropuche virusunun simptomları olan qadın 30 həftəlik körpəsini itirib.
Oropuche virusu insanlara ilk növbədə "Phlebotomus" kimi tanınan virusa yoluxmuş kiçik milçəklərin dişləməsi ilə ötürülür, lakin bəzi hallarda ağcaqanadlar da virusu daşıya və yaya bilər.
ECDC-nin məlumatına görə, Oropouche virusunun yayılmasına səbəb olan kiçik milçəklər Amerika qitəsində yayılmış olsa da, Avropada onlara rast gəlinmir. Hazırda virusun birbaşa insandan insana keçə biləcəyini göstərən heç bir dəlil də yoxdur.
Cənubi və Mərkəzi Amerikada epidemiya bölgələrinə səyahət edənlər və ya onların sakinləri orta dərəcədə yoluxma riski ilə üzləşirlər. Bu risk xüsusilə Braziliyanın şimalı və ya Amazon kimi xəstəlikdən ən çox təsirlənən əraziləri ziyarət edənlər üçün yüksəkdir.
"Tənbəl heyvan qızdırması" infeksiyası əvvəlcə şiddətli baş ağrısı, titrəmə, əzələ və oynaq ağrıları ilə birlikdə qəfil yüksək hərarətlə özünü göstərir. CDC-yə görə, bildirilən əlavə simptomlar arasında işığa həssaslıq, başgicəllənmə, göz ağrısı, ürəkbulanma, qusma və bədəndə başlayıb qollara və ayaqlara yayılan səpgi daxildir.
Daha az rast gəlinən hallarda, qırmızı gözlər, ishal, şiddətli mədə ağrısı və qanaxma da müşahidə olunur.
Bu simptomlar adətən virusə məruz qaldıqdan 3-10 gün sonra görünür və iki ilə yeddi gün arası davam edir. Bununla belə, 60 faiz hallarda simptomlar günlər və ya həftələr sonra oxşar intensivliklə təkrarlana bilər.
Qeyd edək ki, hal-hazırda Oropuche qarşısını almaq və ya müalicə etmək üçün heç bir peyvənd və ya xüsusi dərman yoxdur. Odur ki, virusun olduğu ərazilərdə ağcaqanad dişləməsindən qorunmaq üçün milçəkdən qoruyucu vasitələrdən istifadə etmək, uzunqol köynək və şalvar geyinmək, ağcaqanad torlarından istifadə etmək kimi profilaktik tədbirlər görmək məsləhət görülür.